Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, azərbaycanlı şair, oftalmoloq Paşa İsmayılov Qəlbinur, Azərbaycan həkimi və yazıçısı Zərifə Rzaqulu, 3 saylı Vərəm Əleyhinə Dispanserin həkim-laborantı Günel Hacıyeva və Səbail rayonunun fəal gəncləri iştirak edib.Əvvəlcə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını salamlayaraq görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm tövhələr verdiyini bildirib. Muxtar Nağıyev həmçinin qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın elmi-pedoqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin xəzinəsi olub: “Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva mehriban ana, gözəl, sadə insan, eyni zamanda görkəmli alim kimi xatırlanır. Hesab edirəm ki, Zərifə Əliyevanın bu obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Onun şəxsiyyəti, həyatı, keçdiyi yol daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər. Həqiqətən də, Zərifə xanım davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, həkim kimi xəstələrə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir”.
Müəllif: Arzu Qurbanzadə