PDF Oxu

Siyasət

  • 3 429

Rusiya - Qərb qarşıdurmasının bölgəmiz üçün TƏHLÜKƏSİ VARMI? – TƏHLİL

Rusiya - Qərb qarşıdurmasının bölgəmiz üçün TƏHLÜKƏSİ VARMI? – TƏHLİL

Dəfələrlə Rusiya tərəfi Ukraynaya qarşı müharibəyə hazırlaşmadığını, Rusiyanın müharibə planının olmadığını, savaşın olmayacağını bəyan etsə də, bütün dünya bunun əksini müşahidə etdi. Rusiya hakimiyyətinin ən yüksək ranqlıları öz ifadələrində dəfələrlə təsdiq etmişdilər ki, Ukrayna ilə heç bir qarşıdurma ola bilməz, yayılan xəbərlər dezinformasiyadır, lakin indi onlar müharibə ilə, döyüşlə bağlı müxtəlif şərhlər verirlər.

Ukraynanın hərbi hazırlığı, Qərbin dəstəyi, əvvəlcədən Ukraynanı döyüşə, müharibəyə hazırlaması təsdiq edir ki, Rusiya tərəfinin təkziblərinə baxmayaraq, Qərb, xüsusilə ABŞ müharibənin olacağı barədə dəqiq informasiyaya malik imiş, araşdırmaları da doğru imiş və əvvəlcədən hazırlıqlı olmağın nəticələri də sübut edir ki, bunun, bu informasiyaların, araşdırmaların nə qədər vacib olduğu təkzib edilə bilməz. Deməli, öncədən məlumatlı, tədbirli olmaq çox böyük əhəmiyyət kəsb edir və bu baxından bizim üçün də maraqlı məqam ondan ibarətdir ki, görəsən Rusiya ilə Qərbin qarşıdurması bölgəmiz üçün təhdid yaradırmı?

Xatırladaq ki, hələ Rusiyanın Ukrayna ilə müharibəyə başladığı ilk günlərdə həmçinin dondurulmuş münaqişələrin yerləşdiyi ərazilərdə Moskvanın hərbi ekspansiya siyasəti aparacağına dair ehtimallar yaranmışdı. Get-gedə bu ehtimalların doğrulacağı barədə şübhələr yoxa çıxmağa başlayır. Artıq Moldova öz ərazisi olan Dnestryanı regionu ilə təhdid olunur və çox güman ki, qondarma Dnestryanı respublikasında baş verən partlayış da qlobal çəkişmənin növbəti elementidir. Sözsüz ki, bunun ağırlığı hər mənada, gücü zəif, ümumilikdə resursları az olan Moldovanın üzərinə çökmək üzrədir və oradakı narahatlıqlar da bu baxımdan anlaşılandır.

Təbii ki, Moldova ilə bağlı bu məsələdə Qərbin maraqları təkzib edilə bilməz. Əvvəla ona görə ki, Qərb bu dəfə də Rusiyanı yeni oyunlara, qarşıdurmalara təhrik etməklə zəiflətməkdə maraqlıdır və qarşısında tamamilə zəifləmiş, məhdud imkanlara sahib Rusiyanı görmək istəyi var. Digər tərəfdən də Rusiyanın hərbi kantingentinin bir hissəsinin ayrılması, Ukraynadakı qarşıdurma zamanı rusların məğlubiyyəti Qərb üçün ən böyük arzudur desək, yanılmarıq. Əlbəttə ki, Rusiya da bu məsələdə maraqlarını güdür və ruslar da elə hesab edirlər ki, Avropaya qarşı cəbhəni gücləndirmək istiqamətində bununla müəyyən imkanlar əldə edə bilərlər. Heç şübhəsiz ki, Rusiyanın Qərbə qarşı, Qərbin də Moskvanın mümkün ssenarilərinə qarşı əks-planlarının olduğu inkar edilə bilməz, amma hər bir halda Ukraynanın ardınca, bəlkə də elə paralel olaraq hansısa ərazilərdə müharibə başlaya bilər. Ən azından haralardasa müharibə təhdidinin olması ehtimalı qəbulediləndir və maraqlıdır, Rusiya ilə Qərb arasında yaranan qarşıdurça bölgəmiz üçün təhdid yaradırmı?

İlk növbədə onu nəzərə almaq lazımdır ki, böyük güclərin bölgəmizlə, Azərbaycanla bağlı geosiyasi maraqları var və bunu təkzib etmək doğru olmaz. Hər mənada bölgəmiz maraqların toqquşduğu bir məkandır. Brüssel görüşü və onun ardınca da təcili şəkildə Möskva görüşünün təşkili təsdiq etdi ki, istər Qərb, istərsə də Rusiya Cənubi Qafqazda gedən proseslərə maraq göstərir və bu da əbəs yerə deyil. Hər iki qütb bölgədə nəzarət məsələsi ilə bağlı hansısa mövqeyə sahib olmağa can atır və proseslərə nəzarət etmək hər biri üçün maraqlıdır. Bir sözlə, hər iki tərəf ən azından proseslərdən kənarda qalmaq istəmir və bu məsələdə Rusiya daha çox canfəşanlıq edir.

Onu da nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanla münasibətlərin qorunub saxlanması, əməkdaşlıqların genişləndirilməsi, daha yaxşı münasibətlər qurulmasında Qərb də, Rusiya da maraqlı olduqlarını gizlətmirlər. Münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılması üçün göstərilən səylər də göz önündədir. Xüsusilə, bu ilin birinci rübündə Moskva Bəyannaməsinin imzalanması deyilənləri təsdiq edir və sübut edir ki, həqiqətən də Rusiya Azərbaycanla müttəfiq münasibətlər qurmaqda maraqlıdır. Qərb də öz növbəsində münasibətlərin yaxşılaşdırılmasına tövhələr verməyə çalışır və bunun da biz Brüsseldə gedən proseslərdə şahidi olduq. Daha dəqiq desək, illər boyu, 30 ilə yaxın müddətdə münaqişənin həllinə deyil, uzadılmasına çalışan ATƏT-in Minsk Qrupu barədə Qərbin ölkəmizin haqlı olan maraqlarına xidmət edən mövqe bildirməsi, Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığını etiraf etməsi, haqq və hüquqlarını müdafiə etməsi, Ermənistan tərəfinə öhdəliklərini yerinə yetirmələri barədə xatırlatmaları, bizim şərtlərimizə hörmətlə yanaşılması və digər aspektlər təsdiq edir ki, Qərb də Azərbaycanla münasibətləri qorumaqda və bu münasibətləri daha da yaxşılaşdırmaqda maraqlıdır. Bir sözlə, heç bir qütb, nə Qərb, nə də Rusiya bölgədə sülhün pozulmasında maraqlı deyil və müharibə istəyindən, hansısa müharibə təhdidindən söhbət gedə bilməz.

Bir məqama də diqqəti cəlb etmək yerinə düşərdi ki, Ukraynadan, qondarma Dnestryanı məsələsindən və digər buna bənzər ərazilərdən fərqli olaraq süni olaraq yaradılan qondarma Qarabağ məsələsi artıq keçmişdə qalıb. Azərbaycan 30 ilə yaxın müddətdə səbr nümayiş etdirsə də, məsələnin beynəlxalq təşkilatlar tərəfindən həll edilməsinə şərait yaradaraq gözləsə də, sonda bunun nəticəsiz olduğu barədə doğru qənaətə gəlməklə, öz imkanları hesabına bu məsələni hərbi yolla həll etdi. Azərbaycan özünə məxsus olan və erməni separatçıları, təcavüzkarları tərəfindən əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqlarını işğaldan azad etdi, bölgədə təhlükəsizliyin təminatçısı kimi çıxış etdi. Bizə məxsus olan torpaqlara iddialı olan təcavüzkar tərəf, Ermənistan tərəfi Azərbaycanın gücü, qüdrəti, potensialı, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan xalqının birliyi, həmrəyliyi, Azərbaycan Ordusunun rəşadəti qarşısında tab gətirə bilməyib ən qısa zamanda, cəmi 44 gün ərzində məğlubiyyətini qəbul etdi və kapitulyasiya sənədinə imza atdı. Bir sözlə, bölgədə bir zamanlar problem sayılan məsələlər Azərbaycanın öz imkanları hesabına öz həllini tapdı və artıq problem deyilən hansısa məsələdən söhbət gedə bilməz. Azərbaycan yeni reallıqlar yaratdı və bu reallıqları da bütün dünya qəbul edir. Bu isə o deməkdir ki, bölgə qarışıqlıq, qarşıdurma yaratmaq üçün hansısa bəhanə, yaxud səbəb yoxdur. Hansısa dövlət, hansısa qüvvə Azərbaycanın işinə qarışa, suveren hüqularına müdaxilə edə bilməz. Ələlxüsus, son zamanlar beynəlxalq hüququn məhz bütün dünyada müzakirə mövzusu olduğu bir məqamda əksini fərz etmək belə mümkünsüzdür və Rusiya ilə Qərbin qarşıdurmasının bölgəmiz üçün təhdid olması ehtimalı sıfıra bərabərdir. Bir sözlə, Rusiya - Qərb qarşıdurmasının bölgəmiz üçün heç bir təhlükəsi yoxdur.

Digər xəbərlər