İlham Əliyev: “Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”
Aprelin 29-da ADA Univesitetində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regional və beynəlxalq siyasi faktorlara toxunmaqla yanaşı, həm də bir sıra digər maraqlı nüansları önə sürməklə onların dəqiq təhlillərini apardı. Daha dəqiq desək, müxtəlif politoloqlar, siyasi analitiklər tərəfindən verilən sualları geniş və müfəssəl şəkildə şərh edən dövlət başçımız 44 günlük müharibə zamanı regionumuza daxil olan bir sıra qonşu ölkələrin münasibətləri haqqında da xüsusi qeydlərini apardı, xatırlatmalar etdi. Əsasən, yerdən səslənən “Rusiyanın Ermənistanın davranışına təsir edə biləcəyini düşünürsünüzmü?” replika-suala cavab verən ölkə başçımız əslində Azərbaycanın gözləntilərinin nədən ibarət olduğunu vurğuladı və bir neçə təəssüfedici məqamları xatırlatdı.
İlham Əliyevin qətiyyətli xatırlatması həm də həmin ölkələrə göndərilən mesaj kimi də qiymətləndirilə bilər
Misal üçün, “Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük. Beləliklə, bu, baş vermədi”, deyə qeyd edən Prezident İlham Əliyev Rusiyanın Qarabağ münaqişəsində birbaşa iştirak etmədiyini bildirsə də, dolayı yolla Ermənistana davamlı silah təchizatı etdiyini də dedi. Yəni Rusiya müharibənin davam etdiyi 44 gün ərzində bir gün də olsun Ermənistanı silahsız buraxmadı və ən təəssüfedicisi isə bu idi ki, rəsmi Bakı silahları Ermənistana daşıyan Rusiyaya məxsus hərbi məqsədli yük təyyarələrinin üzünə hava məkanlarını bağlaması ilə bağlı qonşu ölkələrə müraciət etsə də həmin müraciətlər cavabsız qaldı. Məhz bu baxımdan, cənab İlham Əliyevin qətiyyətli xatırlatması həm də həmin ölkələrə göndərilən mesaj kimi də qiymətləndirilə bilər. SİTAT: “Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz 44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdik ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı. Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı”.
Gürcüstan istisna olmaqla İran, Türkmənistan və Qazaxıstan...
Bu arada, Azərbaycanın müraciətinə yalnız qonşu Gürcüstanın müsbət cavab verməsi də yüksək şəkildə qiymətləndirilməlidir. Təbii ki, burada da bir sıra digər məqamlar ehtiva olunmaqdadır. Məsələn, Gürcüstanın da ərazi bütövlüyü işğala məruz qalıb, bu ölkənin torpaqlarının 20%-i Abxaziya və Cənubi Osetiya separatçı respublikalarına parçalanıb. Və rəsmi Tiflis Bakının müraciətinin əsasında Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə əlaqəli olduğunu yaxşı bildiyi üçün qonşuluq, eləcə də beynəlxalq hüquq prinsiplərinə sədaqətliyini nümayiş etdirdi. Ancaq təəssüf ki, biz həmin münasibəti müsəlman ölkələri olan İrandan, habelə Türkəminstandan və Qazaxıstandan müşahidə etmədik.Ona görə də Prezident İlham Əliyev həmin amil üzərində məxsusi olaraq dayandı və haqlı iradlarını irəli sürdü. SİTAT: “Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər. Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”.
İlham Əliyev digər dövlət başçılarından fərqli olaraq hər şeyi olduğu kimi vurğulayır və belə bir qətiyytətlilik siyasi mexanizm faktorlarını icra etmək heç də hər dövlət idarəçisinə müyəssər olmur!
Prezident İlham Əliyevin qətiyyəti və açıq bəyanatlar səsləndirməsi həm də bu anlamı verir ki, ölkə rəhbərimiz digər ölkələrin dövlət başçılarından fərqli olaraq hər şeyi olduğu kimi vurğulayır və əlbəttə ki, belə bir uğurlu, həmçinin qətiyytətlilik siyasi mexanizm faktorlarını icra etmək heç də hər dövlət idarəçisinə müyəssər olmur. O cümlədən, həqiqəti demək həm də bəzi ölkələrin zamanında qəbul etdikləri yanlış qərarları analiz etməyə imkanlar yaradır.Daha dəqiq desək, hətta Rusiyanın Ermənistana daşıdığı silah-sursatlar üçün hava məkanlarını açıq qoymalarına və Azərbaycanın müraciətlərinə etinasız yanaşmalarına rəğmən Ermənistan Azərbaycanın qarşısında diz çökdü, kapitulyasiyası ilə barışmalı oldu. Ona görə də Prezident İlham Əliyev bu xüsusda vurğulayıb – SİTAT: “Yəni, vəziyyət belə idi və biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik. Lakin Ermənistanın gözləntiləri daha yüksək idi. Onlar hesab edirdilər ki, Rusiya ordusu bura gələrək separatizmi müdafiə edəcək. Bu isə baş vermədi. Orada müəyyən məyusluq var idi, ancaq işğal illəri ərzində bizim Ermənistan hökuməti və diasporunun necə fəaliyyət göstərməsi ilə bağlı məlumatımız var idi. Onlar hesab edirdilər ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib onları müdafiə edəcək, onların əvəzindən döyüşəcək, gəlib onlara pul verəcək, digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu şübhəli “faciədən” sui-istifadə edəcəklər. Hər bir xalqın özünün tarixində faciəvi məqamları olub. Onların problemi isə ondan ibarətdir ki, onların ideologiyaları gələcəyə baxmaq əvəzinə şübhəli və qondarma tarixi faktlara əsaslanır”.Dövlətimizin başçısı Azərbaycanın nəinki qonşu ölkələrlə, bütövlükdə bütün dünya ölkələri ilə münasibətlərini yaxşı istiqamətdə qurmaq tərəfdarı olduğunu qeyd etdi və bu gerçəklik rəsmi Bakının yalnız sülh mesajları verməsinə dəlalət edir. Əbəs deyil ki, İlham Əliyev “Qonşuluqda olan ölkələr arasında münasibətlərin hər zaman yaxşı olmasının tərəfdarıyıq və bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir”, deyə konfransdakı çıxışında bəyan edib.
Rövşən RƏSULOV