"Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda Şuşa şəhərində və paytaxt Bakıda keçirilən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinə bir daha Azərbaycandan mesaj oldu. Bildiyimiz kimi, aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda yaranmışdı.
44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan gələcəyə inamla baxır, inkişafa və dayanıqlı sülhə nail olmaqla regionu sabitlik məkanına çevirmək məqsədini reallaşdırmaq çalışır. ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda dövlət başçışı çıxışı zamanı bildirdiyi kimi, "Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq". Bunun üçün fürsət və imkanların olduğunu bildirən Cənab Prezident "Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə-Gürcüstan kontekstində üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır", - deyə qeyd edib.
Prezident İlham Əliyevin əməkdaşlıq, inkişaf, sülh və sabitlik kontekstində təşəbbüsləri qonşu dövlətlərlə inkişaf və əməkdaşlığın daha da genişləndirilməsinə əsaslanır. Əlbəttə ki, Azərbaycanın qonşu dövlətləri, eləcə də Ermənistan yaranmış əlverişli şəraitdən lazımınca istifadə etməlidir. Dövlət başçısı bütün bu məqsədlərə nail olmaq üçün Ermənistanın imzaladığı sənədə sadiq qalmalı və beynəlxalq ictimaiyyət bir çox problemlərlə üzləşən regionda əməkdaşlığın və sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləməli olduğunu bildirib. Sözsüz ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionda təhlükəsizlik və əməkdaşlığa reallıqları nəzərə alaraq yanaşmaq əsas məsələlərdəndir. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır və davamlı sabitlik də təhlükəsizliyin tərkib hissəsidir.
Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaranan yeni reallıqlar hədəfləri müəyyənləşdirib. Cənab Prezident haqlı olaraq bildirib ki, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar. Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Son zamanlar Azərbaycan ardıcıl olaraq sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edir. Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir.
Onu da vurğulayaq ki, bu gün erməni vandalizminin əməlləri nəticəsində dağıdılmış şəhərlərimiz və kəndlərimizdə yenidən qurulur, abadlıq quruculuq işləri sürətli həyata keçirilir.
İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb. Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası Ermənistan tərəfindən məhv edilmişdir. 30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Bütün bu və ya digər faktlar erməni vandallığının nəticəsidir. Artıq Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb və 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Yeni enerji layihələrinə gəlincə isə Cənab Prezident bildirib ki, BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Azərbaycan Cənubi Qafqazın lideri kimi çıxış edir və "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda Cənab Prezidentin səsləndirdiyi fikirlər ölkəmizin regionda sülhün təmin olunması üçün atdığı addımların bir daha beynəlxalq ictimayyətə təqdimində əhəmiyyətlidir.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri