PDF Oxu

Siyasət

  • 2 687

Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb TƏHLİL

Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb TƏHLİL

Ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Bu iqtisadi inkişaf ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətlidir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib. O cümlədən, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi qazilərin, şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Statistik rəqəmlərə istinadən qeyd edək ki, Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.
Bu günlərdə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışı görülən işlərin davamıdır. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2.76 hektar ərazidə inşa olunub. Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi isə təsadüfi deyildi. Bu humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindən olduğunu bir daha təsdiqləmiş oldu.

"HƏR BİR ŞƏHİDİN XATİRƏSİ, ƏLBƏTTƏ, ONLARIN YAXINLARININ VƏ BÜTÜN AZƏRBAYCAN XALQININ QƏLBİNDƏ ƏBƏDİ YAŞAYIR VƏ YAŞAYACAQ"

Dövlətimizin başçısı və Birinci Xanım Mehriban Əliyeva Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olması da əlbəttə ki, humanizm prinsipindən, şəhid ailələrində olan ehtiramdan, diqqətdən qaynaqlanır. Dövlət başçısı şəhidin ailə üzvləri ilə söhbətində bildirdiyi kimi "Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz".

"BİRİNCİ VƏ İKİNCİ QARABAĞ MÜHARİBƏLƏRİNİN ŞƏHİDLƏRİNİN AİLƏLƏRİNƏ BU GÜNƏ QƏDƏR 12 MİNDƏN ÇOX MƏNZİL VERİLİB"

Cənab İlham Əliyev bütün şəhidlərimizin ailələrinin məişət problemlərinin həllinin bizim borcumuz olduğunu bildirib: "Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur".
Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin bəzilərinin evlərlə təmin edilmədiyini diqqətə çatdıran Cənab Prezident 12 min 500 mənzilin verildiyini diqqətə çəkib: "Ancaq hələ də növbədə duranlar var. Ona görə mən dedim ki, birincisi, məcburi köçkünlər üçün biz artıq Qarabağda, Zəngəzurda evlər tikməyə başlamışıq. Onlar orada yaşamalıdırlar. İkincisi, tezliklə şəhid ailələri, yaralı olan hərbçilərimizin problemlərinin həlli üçün bu gözəl evləri biz şəhid ailələrinə təqdim edək. Keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək".
Azərbaycan dövlətinin bu diqqət və qayğısı bütün cəmiyyətimiz, o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər