PDF Oxu

Siyasət

  • 1 748

İkili standartlar: uduzan hansı tərəfdir? ANALİTİK+AKTUAL

İkili standartlar: uduzan hansı tərəfdir? ANALİTİK+AKTUAL

Azərbaycan öz haqq yolunda inamla addımlayacaq, qarşısına çıxan istənilən səddi aşaraq daha güclü, daha qüdrətli dövlətə çevriləcək!

Bizlər müxtəlif dövrlərdə Azərbaycana qarşı ikili standartların tətbiq edildiyini, haqsızlıqların mövcudluğunu dəfələrlə müşahidə etmişik. İstər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsə də sonra həmin tətbiq necə deyərlər, gündəmdə qalmaqda davam edir. Bu, ilk növbədə bir sıra siyasi qütbləri narahat edən bir amillə əlaqəlidir – Bakı müstəqil siyasət yürüdür, bu siyasəti ilə regionun lider ölkəsinə çevrilir və eyni zamanda, qarşısına qoyduğu bütün məqsədlərinə nail olur. Məhz bu kimi faktorlar sözügedən qütbləri ciddi şəkildə narahat edir.Elə isə gəlin Qərbdən başlayaq. Məlumdur ki, Qərb siyasi arealında kifayət qədər ermənipərəst qruplar, həmçinin lobbiçiliklər mövcuddur. O cümlədən, Qərbdə siyasi baxışlar istər dolayı, istərsə də birbaşa anti-müsəlman xarakterində formalaşıb və həmin xarakterə “xristian klubu” deyilən fakt da daxil edilə bilər. Azərbaycanın yalnız müsəlman ölkəsi deyil, həm də tolerant və multikultural ölkə olması da bu dairələri təlaşlandırır. Ermənistanla münasibətdə biz dəfələrlə həmin fərqləri müşahidə etmişik. Hətta ölkəmizdə baş verən kiçik bir məişət olayının həmin qüvvələrlə işbirliyində olan satılmış radikal müxalifət düşərgəsi tərəfindən özəl sifarişlər əsasında şişirdilməsi və siyasiləşdirilməsi dərhal Bakıya qarşı təzyiqlərlə, ittihamlarla müşahidə olunmağa başlayır. Bəli, həmin təzyiq və təsir mexanizmlərinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur və qətiyyətli siyasət reallığı ikili standartların tətbiqinin irəliləməsinə imkan vermir. Amma açığını desək, bütün bunlar olmaya da bilərdi. Qərb doğrunu, həqiqəti ön götürməklə Azərbaycandakı demokratik dəyərləri səmimiyyətlə qiymətləndirə bilərdi. Təəssüf ki, bizlər bunu da müşahidə etmirik.
Qərb Ermənistandakı polis zorakılığına niyə susqun davranır?
Müşahidə etdiyimiz isə bu günlərdə Ermənistanda baş verən olaylara Qərbin susqun davranmasıdır. Məsələn, Ermənistanda revanşist qüvvələrlə hakimiyyət arasında baş verən və get-gedə artan qarşıdurmalarda hökumət müxalifətçilərə qarşı aşırı güc və polis zorakılığı tətbiq edir. Maraqlıdır ki, insan haqları və demokratiya ətrafında hay-haray salaraq Azərbaycanı ittiham edən Qərb dairələri Ermənistanda pozulan insan hüquqlarına qarşı heç cınqırını da çıxarmır, sanki belə də olmalıymış kimi davranır. Təbii ki, bu kimi ikili standartları nəzərdən keçirərkən bizim bütün bunlarla bağlı haqlı suallarımız yaranır. Amma bu suallara da cavab verilmir və bir daha sübut edilir ki, “xristian klubu” iş başındadır və onların əsas məqsədləri, məqamları güclü, inkişaf edən Azərbaycanı hədəfə almaqdan ibarətdir. Onların daha çox imkanları olarsa, yaxud onlara bir azacıq imkanlar verilərsə qeyri-qanuni, səbəbsiz sanksiyalar irəli sürüb ikili standartlı siyasətlərini yürütməyə davam edərlər.Biz elə də uzağa getməyərək Ermənistanın türk xalqına, İslam dininə nifrət hissləri, İslamafobiya, azərbaycanofobiya meyillərinin pik həddə çatdığını da göstərə bilərik. Amma bu faktlar Qərb üçün nədənsə maraqlı deyil və İrəvana qarşı hər hansı təzyiqlər göstərilmir (?!).
Bu, Qərbin ayrseçkiliyi deyildisə, bəs nə idi?
Yaxud, daha bir faktı da xatırlada bilərik. 44 günlük müharibə bitər-bitməz münaqişə gedən ölkələrə milyardlarla vəsait ayıran Qərb Ermənistan-Azərbaycan müharibəsi başa çatandan sonra 30 il işğala məruz qalan, böyük bir əraziləri talanan Azərbaycana cəmi 140 milyon avro ayırmaqla kifayətləndi. Amma Azərbaycandan 3 dəfə kiçik olan, ovuc boyda işğalçı Ermənistana 1,6 milyard, avro ayırdı. Bu, Qərbin ayrseçkiliyi deyildisə, bəs nə idi? Düzdür, ola bilsin ki, Azərbaycanın haqlı iradları sayəsində sonradan həmin məbləğlərdə dəyişikliklər olsun, amma fakt-faktlığında qalır və təkcə qeyd edilən amil özü-özlüyündə hər şeyi bütün çılpaqlığı ilə ortaya qoymaqdadır.Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizin, dövlətimizin kimlərinsə yardımlarına ehtiyacı da yoxdur, belə ki, Azərbaycan öz gücü hesabına işğaldan azad edilmiş ərazilərini yenidən bərpa edə, abadlığa çevirə bilər və bunu edir də! Daha dəqiq desək, bu gün heç kimin köməyi olmadan beynəlxalq məhkəmələrdə öz haqqını, hüququnu müdafiə edən Azərbaycan dövləti, öz vəsaiti hesabına da işğaldan azad etdiyi ərazilərdə quruculuq işləri aparır. Bəs onda beynəlxalq təşkilatlar Azərbaycanın hansı dərdinə dərmandırlar? Göründüyü kimi heç bir..!
Rusiyanın “Sputnik” və RİA media qurumları daimi olaraq, mütəmadi şəkildə anti-Azərbaycan xarakterli dezinformasiyalar yayamaqdadırlar
Ancaq ikili stnadrtların tətbiqi yalnız Qərblə bağlı deyil. Biz həqiqətlərin saxtalaşdırılması, dezinformasiyaların verilməsi kimi faktları da müşahidə etməkdəyik və bu, eyni zamanda qonşumuz, müttəfiqimiz hesab edilən Rusiyanın bir sıra media qurumları tərəfindən də görünməkdədir. Açıq-aşkar erməni iddialarını, işğalçılıq xəstəliyini müdafiə edən Rusiyanın “Sputnik” və RİA media qurumları daimi olaraq, mütəmadi şəkildə anti-Azərbaycan xarakterli dezinformasiyalar yayamaqdadırlar. Maraqlıdır ki, yalnız bu media qurumları deyil, eləcə də digər məlum mətbuat çevrələrinin ayrı-ayrı şəxsləri Azərbaycana qarşı sanki “səlib yürüşü” aparırlar və ən təəccüblüsü isə budur ki, onların bir çoxu məhz Kremlin idarəçiliyi altında fəaliyyət göstərirlər. Sual yaranır - əgər Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsi mövcuddursa, əgər hər iki ölkə arasında iqtisadi və s. əlaqələr yüksək səviyyədə qurulubsa və bunu Rusiyanın dövlət başçısı Vladimir Putin də zaman-zaman bəyan edirsə, onda “Sputnik”, yaxud RİA və s. kimi media qurumları hansı məzhəbə qulluq edirlər?Fakt budur ki, onlar erməni məzhəbinə qulluq etməklə yanaşı, Rusiyanın da pərdəarxası mövqeyini nümayiş etdirirlər, sifarişlər həyata keçirirlər və söz yox ki, belə bir ikili yanaşmalar, ya da ikili standartlar heç vaxt yaxşı hər hansı bir məsələyə gətirib-çıxarmayacaq. Qeyd edək ki, adıçəkilən bu qurumların da təməlində ermənilərin dayanması sirr deyil. Bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, Rusiyadakı erməni lobbisi bu ölkənin müxtəlif yüksək kürsülərinə çıxışlara malikdirlər və bundan da bilavasitə Azərbaycana qarşı istifadə edirlər.
Azərbaycana qarşı tətbiq edilən ikili standartlar yalnız onların özlərinə mənfi təsirlərini göstərməyə davam edəcək
Beləliklə, fakt budur ki, ikili standartlar davam edir və əlbəttə ki, Azərbaycanda formalaşmış və get-gedə daha da güclənən xalq-iqtidar birliyi bu standartları heç etmək gücündədir. İstər Qərb, istərsə də Rusiyadakı məlum qüvvələr bunu dərk etməlidirlər. Bütün bunların yerinə isə Azərbaycana qarşı ədalətli mövqelər nümayiş olunsaydı daha yaxşı olmazdımı? Ümid edək ki, onlar bu sual ətrafında daha dərindən düşünməyə vaxt tapacaqlar. Əks halda, Azərbaycana qarşı tətbiq edilən ikili standartlar yalnız onların özlərinə mənfi təsirlərini göstərməyə davam edəcək, Azərbaycan isə öz haqq yolunda inamla addımlayacaq, qarşısına çıxan istənilən səddi aşaraq daha güclü, daha qüdrətli dövlətə çevriləcək. Buna isə həmin dairələrin heç bir şübhələri olmasın!
Rövşən RƏSULOV

Digər xəbərlər