Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında Zəngilan rayonunda böyük infrastruktur layihələrin icra edilməsi ilə bağlı geniş məlumatlar verdi. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Cənab Prezident İlham Əliyev bildirdi ki, “Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.”
Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticarət əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək Azərbaycana birbaşa quru yolu reallaşdıraraq ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı olaraq, eyni zamanda, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə müsbət təsir göstərmək imkanı da qazandıracaq. Zəngəzur dəhlizində region ölkələrinin də marağı daha yüksəkdir. Dəhliz yalnız Qafqaz üçün deyil, region üçün strateji əhəmiyyətə malik olacaq. Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir. Dəhliz sülh şəraitində əməkdaşlığa, iqtisadi inkişafa, eyni zamanda, təhlükəsizliyə şərait yaradacaq. Bu səbəbdən də, dəhliz mütləq açılmalıdır. Zəngəzur dəhlizi sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Zəngəzur qədim Azərbaycan torpağıdır.Dəhliz açılandan sonra ölkəmiz uğurla inkişaf edəcək. Tarixi Zəfər təkcə hərbi qələbə kimi deyil, gələcək möhtəşəm iqtisadi uğurları, beynəlxalq əməkdaşlıq çərçivəsindəki nailiyyətləri ilə də tarixə öz möhürünü vurmuş olacaq.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının əməkdaşı