30 ilə yaxın davam edən işğala son qoyulması ilə yenidən torpaqlarımız bütövləşdi, tarixi ədalət bərpa olundu. Bununla Azərbaycan dövləti özü BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalmış qətnamələrinin icrasını gerçəkləşdirmiş oldu. Xalqımızın şərəf, qürur və heysiyyətini alçaltmağa çalışan mənfur düşmən layiq olduğu cavabı artıqlaması ilə aldı. Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də qətiyyətli Ali Baş Komandan kimi bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Cənubi Qafqazda növbəti əməkdaşlıq imkanlarına yol açacaq yeni şərait yarandı. Bu reallıqları Azərbaycan, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı. Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra ölkəmiz öz nəqliyyat kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılmasına razılıq əldə edilməsi buna bariz nümunədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat, 2021-ci ilin sonunda Soçi, Moskva və Brüssel danışıqlarının müsbət nəticələri Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.Düşünülmüş və davamlı dövlət siyasətinin real nəticəsidir ki, müharibənin bitməsindən az müddət keçməsinə baxmayaraq, azad olunmuş ərazilərdə əsaslı şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Qarabağda və Şərqi Zəngəzurda yeni yollar salınmış, kommunikasiya xətləri çəkilmişdir. Bir sözlə, azad edilmiş ərazilərə yeni həyat gəlmişdir. Hazırda bölgənin gələcək inkişafını və ən müasir şəkildə təşkilini nəzərdə tutan bir sıra əhəmiyyətli layihələrin icrası davam etdirilməkdədir. Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə, region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində regionun rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcək. Ən əsas məqam isə odur ki, Zəngəzur dəhlizi uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, oradan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfər olacaqdır. Prezident İlham Əliyevin də bunu xüsusi vurğulamışdır: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır... Bu baxımdan, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir”. Çox keçməz ki, qədim tarixi torpağımız olan Zəngəzur yenidən böyük Türk dünyasını birbaşa birləşdirmək rolunu oynayacaq. Zəngəzur dəhlizi beynəlxalq və regional siyasi-iqtisadi maraqlar baxımından Türk dövlətlərinin güclənməsinə, bu birliyin regionda və dünyada gedən geosiyasi proseslərdə rolunun və iştirakının artmasına xidmət edəcək.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının əməkdaşı