PDF Oxu

Siyasət

  • 4 717

AMEA-nın həyatında Heydər Əliyevin rolu - ŞƏRH

AMEA-nın həyatında Heydər Əliyevin rolu - ŞƏRH

Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Dahi lider yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, fundamental və humanitar elmlərə, maariflənməsinə mühüm əhəmiyyət verilməsindədir. XX əsrdə Azərbaycan elminin sürətlə inkişaf etməsi Heydər Əliyevin rəhbərlik etdiyi illərə təsadüf edir. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr də məhz dahi şəxsiyyətin hakimiyyəti illərində baş vermişdir. Akademiyanın əlli illinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlıdır. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elmi prinsiplərə, intellektual potensiala arxalanmasından qaynaqlanırdı. Dahi şəxsiyyət xalqın inkişafını elmdə, intellektdə görürdü.

Rəhbərlikdə olduğu ilk günlərdən Ulu Öndər Heydər Əliyev Azərbaycan aliminə və elminə yüksək qayğı göstərmişdir. Onun qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artmış, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənərək elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilmişdir. Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılması nəticəsində elmi-tədqiqat işlərinin səviyyəsi yüksələrək elm adamlarına yaradıcılıq şəraiti yaratmışdı.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox ağır dövr idi. Həmin dövrdə mövcud hadisələr səbəbindən Azərbaycan elminə də ciddi zərbələr vuruldu və durğunluq hökm sürməyə başladı. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev elə həmin andan etibarən ölkənin ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qalmışdır. Lakin bununla bərabər Elmlər Akademiyasının bağlanacağı barədə söz-söhbətlər gəzirdi. Prezident seçildikdən bir il sonra 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında xüsusi statuslu qurum – “Folklor Sarayı” elmi-mədəni Mərkəzi yaradıldı. Daha sonra ardınca isə 2003-cü ildə növbəti işlərin göstəricisi kimi yaranan Folklor İnstitutu milli-mənəvi dəyərlərin qorunub və saxlanılması, müstəqil dövlət quruculuğu işinə səfərbər edilməsi istiqamətində fəaliyyətə başlayıb.31 yanvar 1997-ci il tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının rəhbərliyilə və bir qrup aparıcı alimlərlə görüşdü. Bu görüş Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırdı, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi.

Uzaqgörən lider Heydər Əliyev elmin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etdi. 15 may 2001-ci il tarixində Fərman imzaladı. Fərmana əsasən Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi. 2001-ci ildə Akademiyada həqiqi və müxbir üzvlərin seçkiləri keçirilmiş və bütün işçilərin əmək haqları artırıldı. 2002-ci ildə AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında Sərəncam imzaladı. Həmin bölmənin yaradılmasında məqsəd blokada şəraitində olan bu qədim diyarın hərtərəfli öyrənilməsinə daha çox ehtiyac duyulurdu. Heydər Əliyev bu sahədə genişmiqyaslı tədqiqatların aparılması üçün müəyyən göstərişlər verdi.

“Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq” – deyən Ulu Öndər Heydər Əliyev 4 yanvar 2003-cü il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının statusu” və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi” haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 60 illik yubileyinə həsr olunmuş yığıncaq demişdir: “Bütün dövrlərdə - 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır”.

Nigar İMAMƏLİYEVA

YAP Yasamal rayon AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər