Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon Xəstəxanası Publik Hüquqi Şəxs ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər Əliyev və Azərbaycan Səhiyyəsi” mövzusunda tədbir keçirib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək qeyd edib ki, Ümummilli Lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi əsas yerlərdən birini tuturdu. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr Ulu Öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi.
Ulu Öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı.Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Çıxış edənlərdən Kəlbəcər rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Xəqani Cəfərov bildirdi ki, Ulu öndər Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlledici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərininin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlandı. Ümummilli Lider səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşdı. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir.
Həkim Adil Heydərov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Azərbaycanın son 30 ildən artıq bir dövrü- xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində qazanılan uğurlar məhz onun adı ilə bağlıdır.
Kəlbəcər rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktor köməkçisi Aytac Sadıqzadə isə çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədəki problemlərin müzakirəsini aparır, onların həlli yollarını peşəkarcasına göstərirdi.
Səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.
Tədbirin sonunda Kəlbəcər rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Xəqani Cəfərova Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının diplomu təqdim edilib.