PDF Oxu

Siyasət

  • 2 652

Azərbaycan dövlətinin xilaskarı və qurucusu MƏQALƏ

Azərbaycan dövlətinin xilaskarı və qurucusu MƏQALƏ

Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var və həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə və xalqımıza rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Qalibiyyət və Zəfər salnaməsi yazan, dünyaya qalibiyyət diktəsini edən Azərbaycanımız bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi mövcuddur. Qlobal böhranlara rəğmən, iqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib və bu reallıq özünü bütün sahələrdə əks etdirməkdədir. Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri və Qarabağ zəfərinin təməl prinsipləri Heydər Əliyev zəkasının bəhrəsidir. Məhz Onun siyasi davamçısı və varisi - Prezident İlham Əliyev cənablarının qətiyyətli strategiyası, xalq-dövlət birliyinin vəhdəti bu reallığı əks etdirməkdədir. Bu baxımdan da əminliklə deyə bilərik ki, Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu önədimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır.

1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.

Ümummilli Liderimiz Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı "Əsrin müqaviləsi" milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirir. Ölkənin strateji əhəmiyyətli sahələrinin inkişafına, bütün sahələrdə genişmiqyaslı islahatların aparılmasına geniş imkanlar açmışdır. Hazırda Azərbaycanda bu möhtəşəm strategiyanın real nəticələrini görürük. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycanı inkişaf etmiş, Qərb ölkələri ilə daha sıx birləşdirir. Ölkəmizin iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA nəqliyyat dəhlizinin həyata vəsiqə alması da ümummilli liderimizin çox böyük xidmətlərindəndir.

Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Heydər Əliyevin hələ 1993-cü ildən tətbiqinə moratorium qoyulduğu ölüm hökmü 1998-ci ildən tamamilə ləğv edilmiş, bununla da Azərbaycan Şərqdə bu qətiyyətli və tarixi qərarı qəbul edən ilk ölkə olmuşdur. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Bu təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına ciddi təkan vermişdir.

Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini Heydər Əliyev yaradıb. Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq.

Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider, eləcə də Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İiham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur.

O da sirr deyil ki, Ulu Öndərimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilməsi ilə yanaşı, həm də dünyaya siyasi məktəb faktorunu təqdim edir.

Heydər Əliyev qürur hissi ilə deyərdi: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...".

Bəli, bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Rəsilə Ağayeva,

YAP Masallı rayon təşkilatı, Dezinfeksiya ərazi ilk partiya təşkilatının sədri

Digər xəbərlər