Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Dahi şəxsiyyətlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin gələcək əks-sədaları, uzun illər hadisələrin axarına təsiri ilə müəyyənləşir. Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə çətin vəziyyətdən az itki ilə çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul edir, həyatlarını riskə atmaqdan belə çəkinmirlər. Ulu öndər Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə dərin iz qoymuşdur. 90-cı illərdə Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini qazansa da, bu niyyətini tam reallaşdıra bilməmiş, hakimiyyəti ələ keçirmiş səriştəsiz qüvvələr ölkənin keyfiyyətcə yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişlər. Nəticədə respublikada iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın inandığı siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Böhranlı və ağır vəziyyətdə olan xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir! Ümummilli lider Heydər Əliyev bu keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır.
Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına strateji məsələ kimi yanaşmışdır.
XX əsrin qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin qurmuş olduğu dövlətçilik fəaliyyətində milli-mənəvi, əxlaqi məsələlər də xüsusi yer tutmuşdur. Bütün böyük siyasi xadimlər kimi, Heydər Əliyev xalqının ümummədəni tərəqqisinin qayğısına qalmış, yaşadığı ölkənin, mənsub olduğu xalqın dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir. Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti, dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, yüksək qürur hissləri ilə bağlı deyildi, bu, eyni zamanda, onun öz ana dilini dərindən bilmək, həmin dilin bütün daxili sirlərinə, gözəlliklərinə vaqif olmaq və ondan məharətlə istifadə edə bilmək istedadından irəli gəlirdi.
Ulu Öndər xaricdə yaşayan soydaşlarımıza da məhz milli dili unutmamağı, onu yaşatmağı son dərəcə ciddiliklə tövsiyə edirdi. Müasir dövrdə müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən respublika prezidenti İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı, sosial rifah və iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Respublikamız bu müddət ərzində ciddi iqdisadi yüksəliş əldə etmiş, demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmış, eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad etmişdir. Vətən müharibəsinin başlanması və tarixi Zəfərlə yekunlaşması hər şeydən əvvəl Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının tükənməz Vətən sevgisi və sıx birliyi ilə əlaqədardır.
Məhz bu iki amil Vətən müharibəsinin başlanmasını və cəmi 44 gün ərzində düşmənin diz çökərək məğlub olduğunu etiraf etməsini zəruri etdi. Dövlətimizin başçısı İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. O, hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də reallaşdırır.
Zahid Cəfərov
Z.Xəlilov.23 (BDU) ərazi partiya təşkilatının sədri