Siyasət

  • 2 545

Zəngəzur dəhlizinin reallaşmasında Zəngilan rayonunun rolu

image

Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb. Bu nəaliyyətlərin fonunda azad edilmiş Qarabağda infrastruktur layihlələrinin həyata keçirilməsi çox əhəmiyyətlidir ki, Zəngilanda təmir-bərpa işlərinini həyata keçirilməsi və Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsi bu layihələrin ən önəmli hissələrindən birini təşkil edir. Bununla bağlı Cənab Prezident İlham Əliyev 2022-ci ilin mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi vaxtda xüsusi vurğulamışdır.

Cənab Prezident İlham Əliyev qeyd etmişdi ki, Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq-təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf. Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir”.

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması buna bariz nümunədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır.

Bundan əlavə 3+3 əməkdaşlıq platforması çərçivəsində də Zəngəzur dəhlizinin reallığa çevrilməsində mühüm mövqeyə malikdir. Zəngəzur dəhlizinin açılması bütün bölgə ölkələri üçün yeni imkanlar vəd edir. Beləliklə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın digər bölgələrinin birləşməsi, Türkiyə ilə Azərbaycanın, eləcə də digər türk dövlətlərinin arasında quru və dəmiryolu əlaqələrinin yaradılması üçün ən ideal imkandır. Bu, həm də Tarixi İpək yolunun bərpası, Çinin “bir kəmər – bir yol” layihəsinin canlanması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu məsələdə təkcə Türkiyə və Azərbaycanın deyil, eləcə də Rusiya, İran və Ermənistanın da ortaq maraqları birləşdirir. Məsələn, Rusiya bu dəhliz sayəsində İran, Ermənistan və Türkiyə ilə bağlantılarını daha da möhkəmləndirə bilər. Ermənistan isə dəhliz açıldıqdan sonra Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilər. Bir sözlə, Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirə bilsə, təcriddən qurtula, rifah imkanlarından pay ala bilər.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşmasına başlanılıb. Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır.

Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb. Bütün bunlar deməyə əsas verir ki, Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Başqa sözlə, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər