Siyasət

  • 2 521

Həştərxanda Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

image

Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Rauf Əliyev, Azər Badamov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Həştərxan İş Mərkəzinin direktoru Nəsimi Məmmədovun daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak edib.

RİH başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüş zamanı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlərə dəvətə görə qubernatora təşəkkürünü bildirib. Görüşdə Həştərxan vilayəti ilə qurulan iqtisadi-mədəni əlaqələrin inkişaf istiqamətləri və yeni imkanlar barədə müzakirələr də aparılıb.
Həmçinin nümayəndə heyətinə daxil olan Milli Məclisin deputatlarının Həştərxan vilayəti dumasının sədri İqor Martınovla görüşü olub. Görüşdə Azərbaycan Respublikası və Həştərxan vilayətinin parlamentlərarası qarşılıqlı münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyətinin üzvləri, Həştərxan vilayətinin rəhbərliyi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Həştərxan vilayəti üzvləri, diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad ediblər. Həmçinin tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan, abadlaşdırılan parka, burada salınmış uşaq əyləncə şəhərciyinə baxış keçiriblər.
Faşizm üzərində qələbə qazanılması uğrunda canlarından keçənlərin də xatirəsi yad edilib.
Daha sonra Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 saylı orta məktəbdə Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Öncə məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan Vilayəti Hökumətinin sədr müavini Denis Afanasyev, Həştərxan vilayəti təhsil və elm naziri Yeqor Uqarov, məktəbin direktoru Tatyana Tixomirova ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət olduğunu vurğulayıb, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrin əhəmiyyətindən danışıblar.
Sonra təhsildə fərqlənən şagird və müəllimlərə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Azərbaycan Biznes Mərkəzində AMOR-un Həştərxan vilayəti üzvləri və diaspora nümayəndələri ilə görüşlə davam edib. Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan vilayətində həyata keçirilən irimiqyaslı layihələr barədə danışılıb, xalqlar arasındakı sıx dostluq əlaqələrinin məhz bu diqqət və qayğının məntiqi nəticəsi olduğu vurğulanıb.

yap.org.az

Digər xəbərlər