1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Belə ki, 1993-cü ilin iyun ayınadək respublikanın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdir. Bu acı gerçəkliklər fonunda Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya qayıtması onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın xaosdan qurtulması, davamlı inkişaf yoluna qədəm qoyması kimi xarakterizə olunur. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlayıb.
Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan verib. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır. Həmin illərdə planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində Ümummilli Liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olub. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsini də son dərəcə zəruri hesab edir. Aparılan islahatların nəticəsi kimi postmüharibə dövründə respublikamızın iqtisadi inkişafı da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məqsədlərdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi altında son 19 ildə həyata keçirilən siyasət nəticəsində ölkə sahibkarlarının ictimai-siyasi şüur səviyyəsi, düşüncə tərzi, təfəkkürü, intellekt səviyyəsi də dəyişib. Bu tədbirlər həmçinin iqtisadiyyatın sabitləşməsinə, biznes mühitinin liberallaşmasına və neftdən asılılığın minimuma endirilməsinə imkan yaradır. Qeyri-neft sektorunun dəstəklənməsi üçün regionlara sərmayə qoyuluşlarının stimullaşdırılması, səmərəli layihələrin maliyyələşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan məhz Ulu Öndərin mütərəqqi ideyaları əsasında inkişaf edir və öz məqsədlərinə doğru inamla irəliləyir. Bu gün respublikamız Heydər Əliyev ideyalarına söykənərək millli maraq və mənafelərimizi qətiyyətlə qoruyan Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha müasir və inkişaf etmiş ölkəyə çevrilir.
Eldəniz Səttarov,
YAP Göygöl rayon təşkilatı üzrə Köşkü kənd ərazi partiya təşkilatının sədri