Oğuz rayonunun Şəhidlər xiyabanında şəhid Zaməddinov Fərid İmran oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Anım mərasimi Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanılıb. Daha sonra Fərid Zaməddinovun və Xiyabandakı digər şəhidlərin məzarı ziyarət edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Vətən müharibəsindən, zabit, gizir və əsgərlərimizin qəhrəmanlıqlarından, azad Qarabağın dirçəlişindən söz açaraq tarixi Zəfərimizə nəzər salıb. Tədbirin davamında Xaçmaz kənd 2 saylı məktəbin və Şəhər 2 N-li məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar izlənilib, şagirdlərin ifasında şeirlər və mahnılar dinlənilib. Qeyd edək ki, Fərid Zaməddinov 1986-cı il mayın 11-də Oğuz şəhərində dünyaya gəlib. Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaməddinov Fərid Vətən müharibəsi zamanı Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə, müharibənin bitməsinə bir neçə saat qalmış düşmən mərmisinə tuş gələrək şəhadətə qovuşub. Ailəli idi. Nəzrin, Nərmin və Aqşin adında adını yaşadacaq 3 övladı var. Fərid Zaməddinov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı və ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Zümrüd BAYRAMOVA