Siyasət

  • 2 813

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun büstü açılıb

image

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun adını daşıyan Qusar rayon Həzrə kənd orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub. Mayın 11-də rayon rəhbərliyi, YAP Qusar rayon təşkilatının fəalları, Milli Qəhrəmanın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə büstün açılış mərasimi keçirilib. Mərasimdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Turab Allahverdiyev, müharibə veteranı Canəli Hörmətov və başqaları çıxış edərək Milli Qəhrəman Çingiz Qurbanovun həyat və döyüş yolundan danışıb, torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman oğullarımız sayəsində işğaldan azad olunduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur.Milli Qəhrəmanın atası Salman Qurbanov ailəsi adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyən S.Qurbanov qeyd edib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq. Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonun Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.

Zümrüd

Digər xəbərlər