PDF Oxu

Siyasət

  • 2 819

İki qardaş dövlətin dostluq və əməkdaşlığı dünya mətbutında TƏHLİL

İki qardaş dövlətin dostluq və əməkdaşlığı dünya mətbutında TƏHLİL

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə Azərbaycan-Türkiyə əlaqələrinin xüsusi yeri və çəkisi var və bu, danılmazdır. Hər iki dövlətin rəhbəri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Son dövrdə dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə, eləcə də strateji əlaqələrin möhkəmlənməsinə töhfələr verən tədbirlər həyata keçirilir. Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq ölkələrdir. Vurğulamaq yerinə düşər ki, iki qardaş ölkənin keçirdiyi görüşlər, səfərlər Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlərə və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimadına söykənir. Tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri hazırda yeni mərhələdədir. Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri və səfər çərçivəsində dövlət başçılarının Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etmələri Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər olmadığının daha bir təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı iki qardaş ölkənin müttəfiqlik münasibətləri barədə söylədiyi fikirləri dünya mətbuatında yer alıb.Bu səfər həmişə olduğu kimi dünyanın bir çox ölkələrinin mətbu orqanlarının diqqətindən kənarda qalmayıb. Misirin "Asiaelyom" agentliyi səfərlə bağlı əsas məqamları diqqətə çəkib və Cənab Prezidentin söylədiyi fikirlərə xüsusi yer verilib. Rizeyə ilk dəfə səfər etdiyini deyən Azərbaycan Prezidenti qeyd edib: "Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır".Məqalədə göstərilir ki, Cənab Prezident "Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir", - deyə bildirib: "Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik". Yaponiyanın "ajmedia.jp" portalı da bu səfərdən yazaraq, yapon və ingilis dillərində yayılan məlumatda Türkiyədə nəqliyyat və infrastruktur sahəsində həyat keçirilən genişmiqyaslı işlər barədə məlumat verib. İki qardaş ölkə arasında energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu oxucuların diqqətinə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfəri, Rize-Artvin Hava Limanının açılışında iştirakı, eləcə də keçirdiyi ikitərəfli görüşlərdə söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. gaxa.ge, 24news.ge, interpress.ge və aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin səfəri ilə bağlı silsilə materiallar dərc ediblər. Azərbaycan, rus, ingilis və gürcü dillərində dərc olunan materiallarda Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirilməsi, energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələləri, həmçinin bölgədəki vəziyyət ilə bağlı fikirlər əksini tapıb.Materiallarda postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikirlər də oxucuların diqqətinə çatdırılıb. Qırğızıstandakı "turktoday.info" portalı da Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Portal Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdəki çıxışını da tam olaraq verib. Sayt yazır ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz nümunəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər