Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq səviyyədə siyasətinin əsasında haqq-ədalət, milli mənafe və dünyəvi dəyərlər üstünlük təşkil edir. Azərbaycan bütün regional və beynəlxalq əhəmiyyətli mühüm məsələlərdə qardaş Türkiyə ilə birgə əməkdaşlığa, əməkdaşlıqdan da daha çox qardaşlıq münasibətlərinə malikdir. Türkiyə güclü tarixi dövlətçilik ənənələrinə malik olan böyük dövlətdir, türkdilli dövlətlərin həmişə, istənilən an yanında olan və prinsipial məsələlərdə cəsarətli addımlar atan və zəruri dəstəyi verən qüdrətli bir ölkədir. Artıq bu münasibətlər Azərbaycan-Türkiyə qardaşlığında dərin sınaqdan çıxmış və beynəlxalq münasibətlər sistemində bir etalon model kimi qəbul olunmuşdur.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu günümüzədək uğurlu, dinamik inkişaf yolu keçən Azərbaycan-Türkiyə əlaqələri Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla və əzmlə inkişaf etdirilməkdədir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi, Zəngəzur dəhlizi və Naxçıvan dəmir yol layihələri və s. üzərində əməli işlərin aparılması istiqamətində bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana və xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu birlik, həmrəylik üçüncü dövlətin İkinci Qarabağ müharibəsi müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə mane oldu. Bu da çox önəmli hadisədir. Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan oldu. Postmüharibə dövründə isə əlaqələrin inkişafı prespektivini daha da gücləndirən amil 2021-ci ilin 15 iyun tarixində vətənimizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində tarixi “Şuşa bəyannaməsi”nin imzalanması olmuşdu. Azərbaycan-Türkiyə dostluğundan bəhs edərkən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərimizə, Azərbaycanın döyünən ürəyi Şuşaya ilk səfər edən, həmçinin Füzuli Beynəlxalq Hava Limanına ilk uçuşu həyata keçirən dövlət başçısı olduğu xüsusi qeyd edilməlidir. Bu, bir daha onu göstərir ki, “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır.
Dostluq və qardaşlığın nümunələrindən biri də Cənab Prezidentimiz İlham Əliyevin cari ilin may ayının 14-də Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı və çıxışıdır. Cənab Prezident İlham Əliyev çıxış nitqində bildirdi ki, “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.Güründüyü kimi, hər iki ölkədə nəqliyyat-kommunikasiya layihələri və onların reallaşması regionda və qloballaşan dünyada özünə layiqli yer tutmasına böyük töhfələr verməkdədir. Rize-Artvin Hava Limanının istifadəyə verilməsi hər iki ölkənin ictimai-siyasi və iqtisadi inkişafına bilavasitə müsbət təsir göstərəcəkdir. Nəqliyyat-logistika qovşaqlarının şaxələnməsi ölkəmiz və qardaş respublikanın iqtisadi inkişafı ilə yanaşı, regionda sülhün və rifahın bərqərar olmasını təmin edir. Digər layihələr və onların həyata keçirilməsi kimi Rize-Artvin hava limanını istifadəyə verilməsi Cənab Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən aparılan uğurlu siyasətin bariz nümunələrindəndir. Bütün bu qeyd olunanların fonunda iki ölkənin əməkdaşlığının genişləndirilməsi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistika, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərindən istifadə edərək ölkələrimizin qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artırılması, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi, işğaldan azad edilmiş torpaqlarımızın bərpasında və inkişafında öz səmərəliliyini bariz şəkildə verməkdədir.Beləliklə, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə uğurla inkişaf edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən iki və çoxtərəfli çərçivədə əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli istifadə edir. İki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bu nailiyyətlərin əldə olunmasında, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının əməkdaşı