“Ermənistanda baş verən son hadisələr bir daha göstərir ki, revanşistlər, separatçı meylli radikal qüvvələr ölkəni məhvə sürükləyir. Uzun illər Ermənistanı idarə edən işğalçı hərbi xunta başçıları Koçaryan və Sarkisyan rejimi yenidən erməni xalqını qırğına vermək istəyir”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.S.Kərimli vurğulayıb ki, Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsi zamanı işğalçı Ermənistana layiqli dərs verib, işğalçı ordu darmadağın edilib. Amma bu gün İrəvan küçələrində kütləvi etirazlar və iğtişaşlar törədən qüvvələr Dəmir Yumruğun sarsıdıcı zərbəsindən yetərindcə nəticə çıxara bilməyib: “Azərbaycan dövləti istənilən ssenariyə hazırdır. Əgər revanşistlər 3-cü müharibənin başlanmasını istəyirlərsə, qüdrətli ordumuz düşməni yenidən darmadağın etməyə qadirdir. Ermənistanı yeni müharibəyə sürükləyən qüvvələr anlamalıdır ki, bu nəinki onların, ümumilikdə ölkələrinin sonu ola bilər. Müharibə başlayarsa Azərbaycan ordusu ildırımsürətli döyüş əməliyyatları tətbiq edəcək. Ermənistan bu acı və faciəvi nəticələrə hazır olsun”.Siyasi ekspert əlavə edib ki, rüsvayçı hərbi kapitulyasiyaya imza atmış və bütün dünyanın gözü qarşısında diz çökdürülmüş bir ölkənin sərsəm revanş və müharibə xülyaları sadəcə olaraq gülünc görünür: "Çünki, müharibə aparmağa Ermənistanın nə siyasi, nə hərbi potensialı var. Ermənistan anlamalıdır ki, qarşısında bölgənin ən güclü və qüdrəli ölkəsi olan Azərbaycan var. Belə olduğu halda hazırda İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və rəsmi Bakı ilə sülh danışıqlarına başlamaqdır".
sia.az