18 may 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının Şahlıq kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Şükürov Rövşən Əlövsət oğlunun yubiley doğum günü - 50 illiyi qeyd olunmuşdur. 18 may – Rövşən Şükürovun doğum və şəhid olaraq dəfn olunduğu gündür. YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən müharibəsi şəhidi leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, Ucar “Came” məscidinin axundu Elnur Rəhimov, Birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun oğlu Yusif Məmmədov, Şahlıq kənd tam orta məktəbin kollektivinin və şagirdlərinin bir qrupunun, Şahlıq kənd ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə şəhid Şükürov Rövşən Əlövsət oğlunun rayonun Şahlıq kənd qəbiristanlığında məzarı ziyarət olunmuş, məzarın önünə çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.Tədbir iştirakçıları həmçinin Rövşən Şükürovla eyni qəbiristanlıqda uyuyan şəhidlərin – Cavadov Məzahir Əcayib oğlunun, Abdullayev Rəyət İslam oğlunun, Hüseynov Araz Əhmədxan oğlunun və Niftəliyev Ağasəf Həbibillah oğlunun məzarlarını ziyarət etmiş,məzarların önünə çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur. Daha sonra tədbir Rövşən Şükürovun orta təhsil aldığı Şahlıq kənd tam orta məktəbdə davam etmişdir. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunmuşdur. Çıxış edənlər Vətən şəhidlərinin əziz xatirəsini daima uca tutacaqlarını vurğuladılar. Tədbir şəhidin böyüyüb boya-başa çatdığı evdə ehsan süfrəsində davam etdmişdir. Rövşən Şükürov 18 may 1972-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Rövşən Şükürov ailədə 6 uşaq – 4 qardaş, 2 bacı arasında 3-cü uşaq, 2-ci oğlan övladı olub. Şahlıq kənd orta məktəbini bitirdikdən sonra Bakı Balıqçılıq Texnikumuna qəbul olmuşdur.Bakı şəhəri Xətai Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1990-cı ilin iyun ayından 1992-ci ilin iyun ayınadək Sovet Ordusunda xidmət etmişdir. 07 noyabr 1992-ci ildə Xətai Hərbi Komissarlığından səfərbərliyə alınanlardan biri olaraq Qarabağın müdafiəsində döyüşmüşdür. Xidmətinin 6 ay 9-cu günündə 21 yaşında 16 may 1993-cü ildə Laçın rayonunun Fərəcan kəndində şəhid olmuş 18 may 1993-cü il tarixdə rayonun Şahlıq kənd qəbiristanlığında dəfn olunmuşdur. Rövşən Şükürov subay idi. Atası Əlövsət Şükürov 27 iyul 2001-ci ildə vəfat edib. Qardaşı Elşən Şükürovun 16 sentyabr 1996-cı il təvəllüdlü övladının adında daha bir Rövşən Şükürov yaşayır.
sia.az