Siyasət

  • 911

Azərbaycanın təklif etdiyi prinsiplər beynəlxalq hüquq normalarına tam uyğundur

image

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları son il yarım ərzində Qafqazda sülhün təmil olunması istiqamətində ciddi prosesi başladıb. Bu istiqamətdə bütün görüşlərdə ətraflı məlumat verilir, həm ölkə vətəndaşlarının, həm də beynəlxalq təşkilatların və tərəfdaş dövlətlərin məlumatlandırılması baxımından böyük işlər görülüb. Bu baxımdan Azərbaycan-Litva biznes forumu da əlamətdar oldu. Prezident İlham Əliyev cənabları Litva nümayəndə heyətinin diqqətinə çatdırdı ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ölkəmizin təqdim etdiyi beş baza prinsipində əks olunub: - Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; - Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; - Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; - Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. Azərbaycanın təklif etdiyi bu 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Təbii ki, sülh sazişinin imzalanması üçün dövlətlərin qarşılıqlı bir-birinin ərazi bütövlüyünü tanıması əsas şərtlərdəndir. Bunun üçün sərhədlərin delimitasiyası prosesinə başlanmalı, nəqliyyat və kommunikasiya təmin olunmalıdır. Prezident, həmçinin çıxışında Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas prioritet olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunub. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə, infrastruktur təminatının yaxşılaşdırılması istqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Digər xəbərlər