Siyasət

  • 832

Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır - TƏHLİL

image

Prezident İlham Əliyev: "Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır"

Azərbaycanda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması ilə ölkəmiz yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı, onların azad olunmuş torpaqlarımıza etdikləri səfərlər çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli təşkil edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.

Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsi diqqətdədir. Ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fondu yaradılıb. Eləcə də, "Qarabağ Dirçəliş" Fondu ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılmasına töhfələr verir.

Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir.

Postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişi ilə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib.

Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Bizdə bu sahədə tətbiq olunan prinsiplərin öz unikallığı ilə seçildiyini bildirən dövlət başçısı bildirib ki, bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin: "Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".

Şəhid ailələrinə və əlillərə keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Dövlət başçısının vurğuladığı kimi, "Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik."

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər