Siyasət

  • 1 998

Azərbaycan-Litva strateji tərəfdaşlıq əlaqələri uğurla davam edir

image

Əsası ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan, davamlı və məqsədyönlü hədəflərimizin icrasına yönəlmiş, ölkəmizin dünyadakı nüfuzunun artırılmasına, beynəlxalq arenada layiqli yerini tutmasına xidmət edən xarici siyasət kursu bu günkü uğurlarımızın təməli olmaqla yanaşı, milli maraqlarımızın və haqlı mövqeyimizin daha qətiyyətli təbliğinə əsaslı zəmin yaradır. Bu gün Azərbaycan öz iqtisadi potensialı, ölkə daxilindəki ictimai-siyasi sabitliyi, enerji təhlükəsizliyi və digər müxtəlif sahələrdəki davamlı islahatlar paketi, müstəqil və modern idarəetməsi ilə seçilir. Dünya və regionda əsas söz sahibinə çevrilmiş ölkəmiz öz uğurları və digər dövlətlərlə qarşılıqlı dostluq, əməkdaşlıq, müttəfiqlik münasibətləri çərçivəsində beynəlxalq aləmdə irimiqyaslı iqtisadi və siyasi layihələrin əsas təşəbbüskarı və icraçısı kimi mühüm uğurlara imza atır.

Dövlət başçısı, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin dövlətimizin və xalqımızın təhlükəsizliyinə, inkişafına və rifahına yönəlmiş daxili və xarici siyasət strategiyası bir-biri ilə vəhdət təşkil edərək, dövlətçiliyimizin daha etibarlı təməllər üzərində qurulmasına sonsuz inam və etimad yaradır. Dünyanın nüfuzlu beynəlxalq təsisatları tərəfindən də dəfələrlə etiraf olunan Azərbaycandakı mövcud inkişaf göstəriciləri ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də qarşılıqlı münasibətlərin inkişafına mühüm təkan verir. Artıq Azərbaycan dünyada ən təhlükəsiz və etibarlı investisiya məkanına çevrilib ki, son illərin statistikası deyilənləri sübut edir.
Təbii ki, Azərbaycanın digər dövlətlərlə yüksək səviyyəli münasibətlərinin formalaşmasında tarixi uğurlarımızla bərabər, ölkə Prezidenti İlham Əliyevin şəxsi nüfuzu da mühüm rol oynayır. Məhz dövlət başçısının yüksək diplomatik və idarəetmə bacarığı, uzunmüddətli gələcək planların uğurla reallaşdırılmasına və təminatına xidmət edən düşünülmüş siyasi kursu tarixdə misli görünməmiş nailiyyətlər qazanmağımıza gətirib çıxarıb. Bu gün Azərbaycan uğurla inkişaf edir, öz siyasi iradəsi və qətiyyətli mövqeyi ilə dünyada sayılıb, seçilir.
Azərbaycanın qarşılıqlı əməkdaşlıq münasibətlərində olduğu ölkələrin sayı günbəgün artır, ölkəmiz təkcə ayrı-ayrı dövlətlərlə deyil, çoxsaylı beynəlxalq təşkilatlarla da qarşılıqlı əməkdaşlıq münasibətlərini uğurla davam etdirir. Ölkəmizin və xalqımızın milli maraqlarına xidmət edən, hər keçən gün daha da intensivləşən və dərinləşən xarici əlaqələrimiz, eyni zamanda ölkəmizə olan inamın bariz nümunəsidir. Bildirmək lazımdır ki, bir sıra dövlətlərlə sıx əməkdaşlıq imkanlarının davam etdirilməsi, əldə olunan birgə imkanlar və qarşılıqlı etimad mühitində imzalanan rəsmi sənədlər, həyata keçirilən islahatlar ölkəmizin xarici siyasət kursunun uğurlu nəticələrindəndir.
Xarici əlaqələrimizin uğurlu nəticələrindən biri də məhz Litva Respublikası ilə olan qarşılıqlı strateji tərəfdaşlığa hesablanmış münasibətlərdir. Litva Respublikasının Prezidenti Gitanas Nausedanın mayın ayının 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlməsi, dövlət başçısı İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatlarla çıxış etmələri, daha sonra biznes forumunun keçirilməsi ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə dinamik inkişafından və gələcəkdə də yüksək əzmlə və səylə davam etdiriləcəyindən xəbər verir.
May ayının 18-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilən Azərbaycan-Litva biznes forumunun tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür. Dövlət başçısı İlham Əliyevin forumda səsləndirdiyi tarixi çıxışında olduqca əhəmiyyətli mövzularla toxunuldu. Litva ilə Azərbaycan arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, əminliklə demək olar ki, hər iki ölkə uzun illərdir strateji tərəfdaşdır. Biznes forum siyasi, diplomatik münasibətlərlə yanaşı, işgüzar əlaqələrin qurmaq üçün də çox yaxşı fürsətdir. Azərbaycan və Litva bu imkanlardan maksimum səmərəli istifadə edərək daha dərin işgüzar əlaqələr qurmaqda maraqlıdır. Bu istiqamətdə hər iki ölkə lideri yüksək iradə göstərir və bu əlaqələrin dövlətimizin və xalqlarımızın inkişafına və yaxınlaşmasına əvəzsiz töhfə olacağına şübhə yoxdur.
Azərbaycan dünyanı və Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Ölkəmizin başçısı bütün dövlətlərin dialoq yolu ilə sivil əməkdaşlıq münasibətləri zəminində uğurla inkişaf edə biləcəyini bildirməklə, bu mövqedə olduğunu əməli addımları ilə sübut edir. Azərbaycan istər regionda, istərsə də regiondan uzaqda qarşılıqlı inam və etibara söykənən, dövlətlərin və xalqların təhlükəsizliyinə xidmət edən bütün münasibətlərdə fəal rol oynayır. Bir sıra problemli məsələlərin, münaqişələrin danışıqlar yolu həll edilməsində vasitəçilik missiyasını təklif edir, dünyanın müxtəlif ölkələrində sülhməramlı qüvvələri ilə antiterror əməliyyatlarında uğurla iştirak edir. Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərdə hər zaman səmimidir və Azərbaycanla əməkdaşlığa yüksək marağın göstərilməsi buradan qaynaqlanır.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Digər xəbərlər