Siyasət

  • 1 198

AXC-nin yaradılması dövlətçilik tariximizin ən əhəmiyyətli səhifələrindəndir - DEPUTAT DANIŞDI

image

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin ən əhəmiyyətli səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə olaraq cümhuriyyət formasında müstəqil dövlətin qurulduğunu elan etdi, respublika yaradıldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi: “Cümhuriyyət fikrini və idarə üsulunu müsəlman Şərqinə Azərbaycan xalqına gətirdi. 1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal etdi. Azərbaycan Cümhuriyyəti daxili səbəblərdən deyil, xarici, hərbi müdaxilə nəticəsində süquta uğradı. Süquta uğramasına baxmayaraq, cümhuriyyətin böyük tarixi əhəmiyyəti oldu. Əgər cümhuriyyət qurulmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası da qurulmazdı. Sovet dövründə cümhuriyyət bayrağı qadağan edildi. İlk dəfə Ulu Öndər Heydər Əliyevin liderliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında üçrəngli bayrağımız dövlət bayrağı olaraq elan edildi. O dövrdə hələ SSRİ, kommunist ideologiyası Sovet sistemi mövcud idi. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa edilərkən bildirildi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.Cümhuriyyət tarixinin öyrənilməsində müstəsna rol Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama aiddir. Bu sərəncamdan sonra Cümhuriyyət tarixinin sistemli şəkildə öyrənilməsinə başlanıldı. Bir sıra sənədlər çap edildi. Cənab Prezident İlham Əliyev tərəfindən Cümhuriyyət qurucularına İstiqlaliyyət küçəsində abidə qoyulub. Hər il dövlət başçımız mayın 28-də həmin abidəni ziyarət edir və cümhuriyyət qurucularının xatirəsinə ehtiram olaraq oraya çələng qoyur. Bu gün cümhuriyyət qurucularının arzu və istəkləri həyata keçirilib. Azərbaycan güclü və müstəqil dövlətdir. Cümhuriyyətimizin 104-cü ildönümünü biz rəhbər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında müzəffər ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi ilə qeyd edirik”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər