Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında iştirakı bu birliyin dünyaya bir daha nümayişidir
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər.
28 May – Müstəqillik Günün ərəfəsində başlayan “TEXNOFEST Azərbaycan” festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən keçirilən, bu il beşincisi düzənlənən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalının zamanlamasında, bu anlamlı festivalın “Şuşa Bəyannaməsi”nin imzalanması və qanun qüvvəsinə minməsindən sonraya təvafüq etməsi ilə bağlıdır. 4 gün davam edən festival dünyanın dörd tərəfindən diqqətləri Bakıya, Azərbaycana yönəltməklə Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqliyinin daha bir təntənəsidir! “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı”dır.
Və bu faktoru da vurğulamaq lazımdır ki, 2021-ci il fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev «Gənclər Günü»ndə imzaladığı Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində çağdaş innovasiyalar məkanının qurulması məsələsi bu gün 28 May – Müstəqillik Günü ərəfəsində gerçəkləşən “TEKNOFEST Azərbaycan”ın keçirilməsi innovasiya sahəsində uğurlu inkişafı təsdiq edir. Festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib, ümumilikdə 1000 komandanın, Azərbaycanın 52, Türkiyənin isə 40 bölgəsini təmsil edən gənclərin festivala qatılması özlüyündə çox şey ifadə edir...
Keçirilən tədbirdə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, Festivalda çıxış edən dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Səncər çıxış edərək bildiriblər ki, “TEKNOFEST” festifalı müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutmaqla, ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir.
“TEKNOFEST” AZƏRBAYCAN VƏ TÜRKİYƏ LİDERLƏRİNİN QARDAŞLIĞININ BİR DAHA DÜNYAYA NÜMAYİŞİ
Qeyd edək ki, iki dost, qardaş, müttəfiq ölkələr - Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə növbəti dəfə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Festivalda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı bu birliyin dünyaya bir daha nümayişi idi.
Azərbaycan Prezidenti İlham Əliyev Festivalda çıxışı zamanı bildirdi ki, bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.
Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
PREZİDENT İLHAM ƏLİYEV: “Müstəqillik günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olması bizim üçün ikiqat bayramdır”
“Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST- Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.
“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 2 ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız bizim daim yanımızda olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir”, - deyə dövlətimizin başçısı qeyd edib.
AZƏRBAYCAN PREZİDENTİ: “Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”
Prezident İlham Əliyev sınaqlardan çıxmış qardaşlığımız, birliyimiz xalqımız üçün əsas yol istiqamətidir: “Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli faktordur”.
Dövlətimizin başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq: “Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
AZƏRBAYCAN PREZİDENTİ: “TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir”
«Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi, bu, bütün dünyaya verilən aydın mesaj idi. Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq»,-deyən dövləçtimizin başçısı keçən ilə Milli Qurtuluş Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bir olmasına toxunaraq bildirib ki, bu bir daha qardaşlığımızın, birliyimizin nümayişidir: «Keçən il Milli Qurtuluş Günündə - iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı və bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir”.
AZƏRBAYCAN PREZİDENTİ: “Türkiyə və Azərbaycan tariximizin ən önəmli anlarında bir yerdə idi”
Türkiyə Prezidenti çıxışında vurğulayıb ki, bizim tariximiz parlaqdır. Və tariximizin ən önəmli anlarında biz bir yerdə idik: “Xatırlayıram Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri omuz-omuza, çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə-Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi: biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.
PREZİDENT İLHAM ƏLİYEV: “Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir”
“TEKNOFEST”in hörmətli qonağı qismində Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da təşrif buyurdu. Əziz bəylə keçən görüşümü xatırlayıram. Mənə dedi ki, onun böyük arzusu Şuşaya getməkdir. Mənimlə görüşdən sonra Şuşaya getdi. Bildirdi ki, həyatda nəyə nail olmaq istəyibsə, ona nail olub”. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
“Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”, - deyə dövlətimizin başçısı qeyd edib.Selçuk Bayraktarı da səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti deyib: “Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl örnəkdir”.
AZƏRBAYCAN PREZİDENTİ: “Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib”
Dövlətimizin başçısı bu gün ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq: “Mən dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik»,-deyən Prezident İlham Əliyev söyləyib: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır”.
Türkiyə və Azərbaycanın bundan sonra da yüksələn xətlə yalnız irəliyə gedəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu şüarlarla tamamlayıb: “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
Qarabağ Azərbaycandır!”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış zamanı Azərbaycanın Müstəqillik Günündə bərabər olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi qəlbdən təbrik edirəm. İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm”,- deyərək Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına səmimi qonaqpərvərlik üçün təşəkkür edib: «Xəzərin incisi Bakıda “Bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST”i keçiririk. Əziz Səncər hocamıza bu qürur günümüzdə həyəcanımızı bölüşdüyü üçün yenə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın türkü söylədiyi diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əbədi və əzəli qardaşlığımızı Rəbbim daimi etsin”.
RƏCƏB TAYYİB ƏRDOĞAN: “Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinədək uzanmaqdadır”
“Bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla dərk edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk”.Bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
“Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulmuş olsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasındakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin məşhur şerindəki misralarla ifadə edib:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.
TÜRKİYƏ PREZİDENTİ: “Qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi”
“Sizlərə “Can Azərbaycan!”, “Qarabağ!” deyəndə qəlbində fırtınalar qopanq 85 milyonun salamını gətirdim”. Bunu “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb: «Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü”. "Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik»,-deyən Türkiyə Prezidenti ".
Pravda.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.“Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra azad oldu. 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi”, - Ərdoğan qeyd edib.
RƏCƏB TAYYİB ƏRDOĞAN: “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz”
Türkiyə Prezidenti çıxışı zamanı vurğulayıb ki, Türkiyə Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əslində də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq: “Eynilə Anadolu kimi, bura bizim də torpağımızdır. Eynilə Türkiyə kimi, bura bizim də Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura bizim də öz yurdumuzdur. Eyni ilə Türkiyənin hər bir qarışı da sizlərin Vətəninizdir, yurdunuzdur”.Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türk millətinin qəlbindəki Azərbaycan sevgisini heç kim çıxarıb ata bilməz. İki qardaşı heç bir məsafə ayıra bilməz, könüllərimiz arasında kimsə sərhəd çəkə bilməz.“Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimizdir, yurdumuzdur. Türkiyə-Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi əvvəlcə strateji tərəfdaşlığa, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş sahədə güclü əməkdaşlıq qurduq”,-söləyən Rəcəb Tayyib Ərdoğan “Akıncı” zirvə nöqtəsində olan bir SİHA-nın İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atdığını, gələcəkdə daha çox fərqli proseslər olacağının vurğulayıb.
«İlham qardaşımın da misilsiz töhfələri ilə ikitərəfli əlaqələrimizi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırdıq. Gələcəyimizin təminatı olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanıram. Səfərimin Azərbaycanın qədim şəhəri “Şuşa İli”ndə gerçəkləşməsi də xüsusi məna daşıyır. Sizlərdən əziz şəhidlərimizin şanlı mirasına lazım gəldikdə canınız bahasına da olsa sahib çıxmağınızı gözləyirəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
TÜRKİYƏ PREZİDENTİ: “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir”
“Bizim heç kimin torpağında, suverenliyində gözümüz olmadığı kimi, xəbis niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur, olmayacaq. Çünki biz təsadüflərin bir araya gətirdiyi insanlar deyil, tarixi ilə, mədəniyyəti ilə, mədəniyyət dəyərləri ilə böyük bir millətin övladlarıyıq”,- deyən Türkiyə dövlət başçısı söyləyib ki, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir: “Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur. Müdafiə sənayesi məhsullarında gəldiyimiz səviyyə önəmlidir. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, həvəsinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”.
RƏCƏB TAYYİB ƏRDOĞAN: “Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır”
Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı vurğulayıb ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır: “Regional sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq güclü bir şəkildə dəstəkləyirik”.
Bölgəmizdə yeni bir səhifə açmaq vaxtının çatdığını qeyd edən Türkiyə Prezidenti deyib: «Hədəfimiz dayanıqlı sülhün təsis olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə möhkəm həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik”.
Türkiyə Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyini məmnuniyyətlə gördüiüyü bildirib: «Qardaşım İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyini məmnuniyyətlə görürük. Sizlərə bu il anadan olmasının 130-cu ilində rəhmətlə andığım Azərbaycanın milli şairi Əhməd Cavadın bu sözləri ilə müraciət etmək istəyirəm:
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
Türkiyə Prezidenti onu da söyləyib ki, haqsızlıq qarşısında susanlardan olmadıq və olmayacağıq. Fürsətdən istifadə edərək Heydər babamızı da rəhmətlə yad edirəm. Məkanı cənnət olsun.
“Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik»,-Türkiyə Prezidenti vurğulayıb.
Bəli, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən dediyi kimi: «Bundan sonra Güclənən bir Azərbaycan, Güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.
Bir sözlə, iki güclü ölkənin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəmir siyasəti daha da möhkəmlənəcək, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq GÜCLƏNƏN BİR AZƏRBAYCAN, GÜCLƏNƏN BİR TÜRKİYƏ VARDIR! Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”
Bu gün bir millət, iki dövlət - Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi tarixindəki ən yüksək zirvəyə yetişib. İndi Azərbaycan və Türkiyə bütün beynəlxalq layihələrdə birgə iştirak edir, xoş gündə də, dar gündə də bir-birinin yanında olur, dayağını, dəstəyini göstərir. Bütün çətinliklərə, problemlərə qarşı çiyin-çiyinə mübarizə aparır və birgəliyin verdiyi əzmlə, güc ilə hər zaman qalib gəlir, bundan sonra da QALİB OLARAQ GÜCLƏNƏCƏK!!!
RƏFİQƏ KAMALQIZI