Mayın 27-də Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilan rayonuna səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası XX əsrin əvvəllərindən öz həllini gözləyən Qarabağ problemini həll etmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin, qazilərimizin fədakarlığı ilə müzəffər ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bir əsrdən çox zaman kəsiyində davam edən tarixi ədalətsizliklərə son qoymuşdur.Bu gün Qarabağda quruculuq-bərpa işləri yüksək templə davam edir. Ölkənin bütün potensialı işğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarında insan cəmiyyətinin bərpasına yönləndirilmişdir. Düşmən tərəfindən illərlə “ölü zona”ya çevrilmiş Qarabağ torpaqları tam şəkildə çoxsahəli potensialına uyğun olaraq bərpa edilir. Bərpa ilə yanaşı yeni texnologiyaların tətbiq edilməsi ilə, ən yeni layihələrin icrası ilə son dərəcə modern yaşayış evləri, sosial-iaşə obyektləri yaradılır.Prezident İlham Əliyevin vaxtaşırı Qarabağa səfərlər etməsi, görülən bərpa-quruculuq işlərini yaxından izləməsi Qarabağın dirçəldilməsinin qısa vaxta ərsəyə gələcəyinə dəlalət edir. Qarabağda minlərlə məcburi köçkün ailəsinin ümidləri inşa edilir. Torpaqları azad etmək ona sahib çıxmağın ilkin mərhələsidir, əsas məsələ bölgəni dirçəldib orada möhkəmlənməkdir.Zəngilan rayonunda görülən işlərlə tanış olan Cənab İlham Əliyev quruculuq straategiyasının əsas prinsipini belə ifadə etdi: “İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır. Nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin.” Məhz bu prinsip əsasında Qarabağa qayıdış prosesi başladılmışdır.Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Modern kənd layihəsi olan Ağalı kəndində yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Bakı şəhərində yerləşən Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə Ağalı kənd məktəbi əməkdaşlıq edəcək. Belə ki, kompleksin pedaqoji heyəti Ağalı kənd məktəbinin müasir texnologiyalar əsasında təhsilin təşkilində istiqamətverici missiyanı həyata keçirəcək.Quruculuq layihələrinin mühüm istiqamətlərindən biri əhalinin işlə təminatı, təsərrüfat fəaliyyətinin təşkili məsələsidir. Cənab İlham Əliyev bu məsələlərə xüsusi diqqət yetirir. Ölkə başçısına təqdimat edilən layihələrdə kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər nəzərdə tutulub. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur.Ölkə başçısı İlham Əliyev Zəngilan rayonunda bir sıra görüşlərində bir daha Azərbaycan-Ermənistan danışıqlarına toxunaraq siyasi mesajlar verdi. Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşünü vurğulayaraq cənab İlham Əliyev sülh danışıqlarının əhəmiyyətini, sülh müqaviləsinin regionun inkişafına əhəmiyyətli dərəcədə təsirini dilə gətirmişdir: “əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var. Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır.”Ermənistanda revanşist meyllərin artması, xaricdəki havadarların antisülh fəaliyyəti Azərbaycan Respublikasını Qafqazda təhlükəsizliyin qarantı missiyasından döndərə bilmir. Qarşıda respublikamızı Zəngəzur dəhlizinin açılması kimi böyük nailiyyət gözləyir. Azərbaycan dövləti 10 noyabr bəyannaməsindən irəli gələn bütün məsələlərin qeyd-şərtsiz həyata keçirilməsinə nail olur. Qarabağda yaradılan hərbi və sosial-iqtisadi potensial onu söyləməyə imkan verir ki, Qarabağ bir daha düşmən tapdağına məruz qalmayacaq. Zəngilan səfərində Cənab İlham Əliyevin söylədiyi kimi, biz gündəliyi diktə edirik- Nəyin hesabına? Əlbəttə ki, müharibənin nəticələrinin hesabına.
Leyla Hüseynova
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
YAP Yasamal rayon təşkilatının
ərazi partiya təşkilatının sədr müavini