PDF Oxu

Siyasət

  • 2 559

Azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb - ŞƏRH

Azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb - ŞƏRH

Cari ilin may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva mərasimdə iştirak etmiş, orada yaradılan şəraitlə tanış olmuşlar. Dövlətimizin başçısısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər. Görüş zamanı cənab İlham Əliyev çıxış edərək olduqca əhəmiyyətli məqamlara toxundu, mühüm mesajlar verdi.Anchor

Cənab İlham Əliyev Zəngilan rayonuna əvvəlki səfərləri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymuşdu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı. Layihə Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edir. Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılırdı. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulmuşdu. Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edilib. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev Zəngilan səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını demişdi. Dövlət başçısı bildirmişdi ki, insanların öz torpaqlarına geri dönüşü üçün kompleks tədbirlər görülməlidir: “Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq gerçəkləşdirilib. Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşmasını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu göstərir.

Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bundan sonra Ağalı kənddə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər. Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.

Bu bir reallıqdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb. 10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol-nəqliyyat və enerji kommunikasiyası meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib, Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Zəngilandan mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət, ədalətə istinad edilərək verilirdi.

Prezident “Ağıllı kənd”in açılışındakı çıxışında vurğulayıb ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. Beləliklə, fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və az müddətdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər