PDF Oxu

Siyasət

  • 2 817

Ermənistanın keçid mərhələsindən GÖZLƏNTİLƏR - TƏHLİL

Ermənistanın keçid mərhələsindən GÖZLƏNTİLƏR - TƏHLİL

Azərbaycanla, ümumiyyətlə bütün qonşuları ilə münasibətlərinə aydınlıq gətirmək, sülh danışıqlarını reallaşdırmaq, regionda marginallaşmış vəziyyətdən çıxmaq, öz çətin, acınacaqlı vəziyyətini düşünmək və bu vəziyyətdən çıxmaq üçün normal siyasət yürütmək əvəzinə Ermənistanda siyasi qeyri-sabitlik nəinki davam edir, hətta inkişaf edir desək, yanılmarıq. Böhrandan çıxmaq, ölkənin regionda gələcəyini, onun ümumi nəqliyyat və enerji təhlükəsizliyi sistemindəki yerini müəyyən etmək əvəzinə işğalçı ölkə hələ də siyasi intriqalarla məşğuldur və bu ölkənin hakimiyyətinin sanki müxalifəti təqib etməkdən başqa işi yoxdur.

Heç şübhəsiz ki, erməni cəmiyyətinin potensialının hansı istiqamətə yönələcəyi Ermənistanın indiki və gələcək inteqrasiya layihələrində iştirakının olub-olmayacağını müəyyən edə bilər. Məsələ burasındadır ki, bu işğalçı ölkədəki mövcud vəziyyət nikbin proqnozlar vəd etmir, əksinə bunun əksini vəd edir. Elə bu səbəbdəndir ki, Ermənistanın küçə və meydanlarında mitinqlər, etiraz aksiyaları səngimək bilmir və biri-birini əvəz etməkdə davam edir. Məhz 1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən qadın və uşaqların İrəvanda Fransa meydanından yürüşü də buna misaldır. Çoxlu sayda qadın uşaq arabasında olan uşaqları ilə birlikdə bu ölkə paytaxtının mərkəzi küçələrindən keçib və yürüşün şüarı da “təhlükəsiz vətəndə layiqli gələcək” olub. Deməli, erməni cəmiyyəti üçün də bəllidir ki, yaşadıqları ölkənin bu gedişlə hansısa layiqli gələcəyindən qətiyyən söhbət belə gedə bilməz.

Nə üçün Ermənistan suverenlik əldə etdikdən 30 il sonra növbəti onilliklərin təcrübəsini yenidən nəzərdən keçirərək siyasi inkişafın yeni vektorunu axtarmağa məcburdur? Bu zamana qədərki işğalçılıq siyasətinin, intriqaların, eləcə də riyakarlığın mənfi təzahürləri erməni cəmiyyətinə dərs olmadımı? Yaratdıqları miflərin cəmi 44 günlük müharibədə məhv olmasından da nəticə çıxarılmadımı? Yalan üzərində qurulan, yaxud da daxili auditoriyaya hesablanan siyasətin mənasız olduğu hələ də ermənilərə bəlli olmadımı, işğalçı ölkənin bütün uğursuzluqlarının fonunda? Məhz 44 günlük müharibədəki məğlubiyyət Ermənistan üçün ən böyük dərs olmalı idi və bu məğlubiyyətlərinin fonunda səhvlər dərk olunmalı, nəticə çıxarılmalı idi, amma bu müşahidə edilmir, əksinə, yenə də yanlış yolda olduqları görünür və belə bir vəziyyətdə müsbət istiqamətdə hansısa gözləntilərdən söhbət belə gedə bilməz.

Sirr deyil ki, 1990-cı illər Ermənistan üçün ilk keçid dövrü oldu. Ermənistanda bu dövrdə əvvəlcədən mövcud olan, bəslənilən separatizm ideyaları ön plana keçmişdi. Etnik təmizləmə, işğalçılıq siyasəti həmin zamanların bu keçid dövründə əsas ideya olaraq ənənəyə çevrildi. Məhz bu səbəbdən də millətçilik ideyaları ilə separatizm ideoloqları hakimiyyətə gəldi. Bu zaman isə Azərbaycanda mövcud olan hakimiyyətsizlik, yaxud hakimiyyətdə səriştəsizlərin olması onlar üçün münbit şərait hesab olunurdu və məhz həmin ideoloqların separatizm ideyaları üçün ən münasib zaman idi deyə mənfur ideyalarını ortaya qoydular. Doğrudur, erməni əsilli separatizm ideoloqlarının istəkləri, arzuları ürəklərində qaldı və nəzərdə tutduqlarına sona qədər nail ola bilmədilər, çünki bütün postsovet məkanında ən hörmətli siyasətçilərdən biri olan və Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin mövqeyi, nüfuzu, uzaqgörənliyi, müdrikliyi, liderliyi sayəsində onların qarşısı alındı və atəşkəsə nail olunaraq sabitlik bərqərar olundu. Ulu Öndərin müdrik siyasəti, strategiyası ilə Azərbaycan inkişaf yoluna qədəm qoyaraq ən tez zamanda hər istiqamətdə güclü dövlətə çevrildi və sonda Ümummilli Liderin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, liderliyi, siyasi iradəsi, müdrikliyi, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti ilə tarixi ədalət bərpa olundu. Eləcə də artıq separatçılıq ideyalarına yol qoyulmadı və beynəlxalq müstəvidə belə diplomatik qələbələrimiz sayəsində bunun qarşısı əzmlə alındı.

Bu zamana qədər yürütdükləri yanlış siyasət sayəsində Ermənistanın siyasi inkişafında da, digər istiqamətlərində də geriləmə qaçılmaz idi. Bunu da hər kəs müşahidə etdi. Ermənistan hakimiyyəti bu gün reallıqları görməlidir və döğru addım atılmayacağı təqdirdə bunun növbəti uğursuzluğa, hətta tamamilə məhv olmağa, mövcudluqlarını belə təhlükəyə atmağa gətirib çıxaracağını dərk etməlidir. Dərk etməlidir ki, işğalçılıqla, riyakarlıqla inkişafa, qurtuluşa ümid etmək yalnız axmaqlıq hesab oluna bilər.

İndi erməni cəmiyyəti özü belə hesab edir ki, Ermənistan ikinci keçid dövrünü yaşayır. Məhz müharibənin ermənilər, bütün Ermənistan üçün acı məğlubiyyətinin ardınca ölkədə əslində keçid dövrü olmalı idi də. Ona görə ki, bu işğalçı ölkənin sonda bütün qondarma fikirlərin, ideyaların, miflərin qurbanına çevrildiyi günün reallığıdır. Bu reallığı isə hamıdan öncə ermənilər, ələlxüsus da Ermənistan hakimiyyəti dərk etməlidir. Dərk etməlidir ki, bu zamana qədərki puc əfsanələrlə dövləti inkişaf etdirmək, acınacaqlı durumdan çıxarmaq mümkün deyil. Anlamalıdır ki, yaradılan miflər, edilən riyakarlıq nə bir dövlət olaraq Ermənistanı, nə də bir xalq olaraq erməniləri səfalət içindən xilas edə bilməz, necə ki, bu zamana qədər birmənalı şəkildə xilas edə bilməyib.

Yenə də Ermənistan növbəti bir keçid mərhələsindədir. Bu keçid mərhələsində buraxılan hərhansı səhv Ermənistanın da, erməni xalqının da əleyhinədir. Daxili çəkişmələr üçün Ermənistanın vaxtı belə yoxdur və indi doğru qərar verməyin, işğalçılıqdan əl çəkməyin, separatçılığı bir kənara qoymağın, qonşularla münasibətləri normallaşdırmağın tam zamanıdır. Hətta bir qədər gecikiblər də. Belə olan halda niyə sülh prosesi yubadılır? Məqsəd nədir? Bu keçid dövründə doğru addım atmalarına mane olan nədir? Ermənistandakı həmin bu mövcud keçid dövründə doğru addım atılmadığı təqdirdə nələrin olacağını ermənilər, Ermənistan hakimiyyəti dərk etmək istəmir, yoxsa ümumiyyətlə dərk etmir. Dərk etmirmi ki, artıq bu keçid dövrü ikinci yox, sonuncu keçid dövrü ola bilər və Ermənistan dünya xəritəsindən silinərək tarixin arxivinə keçə bilər? Belə davam edəcəyi halda qeyd etdiyimiz hal real gözlənti hesab olunmalıdır. Bilinməlidir ki, mövcud şəraitdə, bu dəfəki keçid dövründə Ermənistanın bir dövlət olaraq birdəfəlik silinib yoxa çıxması ən inandırıcı gözləntidir.

İrəvanla Bakı arasında bugünkü danışıqlar prosesi, danışıqların şərtlərinə Ermənistan tərəfinin əməl etməsi həmin ölkə və onun vətəndaşları üçün çox vacibdir. Bu məqam onların gələcəyini müəyyən edə bilər və Ermənitanın mövcudluğu da bu şərtlər daxilində inandırıcı görünür. Artıq Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi, Azərbaycan Ordusunun döyüşə bilməməsi, diaspor və avropalı tərəfdaşların dəstəyi ilə bağlı miflər darmadağın olub. Ermənistan ictimaiyyəti əmin olub ki, ölkənin problemləri sırf daxili siyasi gündəm çərçivəsindədir, bu çərmivədən kənara çıxmır və respublikadan kənarda heç kimi maraqlandırmır belə. Odur ki, sülh prosesinin tempinin səngiməsinə imkan verməmək baş nazir Nikol Paşinyanın maraqlarına cavab verir. Əlbəttə bu, keçmiş siyasi elitanın hakimiyyətə qayıtması halında bir sıra mümkün cinayət təqiblərinin qarşısını almağa kömək edəcək. İndiki Ermənistan hakimiyyəti Azərbaycanla dinc yanaşı yaşamaq şərtlərini könülsüz də olsa qəbul etmək məcburiyyətindədir. Əks halda gözləntilərin nədən ibarət olduğu bəlli məsələdir. Bəllidir ki, əks təqdirdə ermənilər hər mənada itirəcəklər. Şərtləri qəbul edəcəyi təqdirdə erməni reallığı millətçilikdən, düşmən və satqın axtarışından xilas oluna bilər. Bir sözlə, Ermənistanın keçid mərhələsindən gözləntiləri seçdikləri yoldan, verdikləri doğru və ya yanlış qərarlardan, davranışlarından birbaşa asılıdır. Bugünkü yanlış istiqamət, yəni sülh prosesinin yubadılması, şərtlərə məhəl qoyulmaması acı nəticələri gözləmək üçün əsaslı zəmin və şərait deməkdir.

Digər xəbərlər