PDF Oxu

Siyasət

  • 4 850

104 il əvvəl Azərbaycan xalqı Şərqdə ilk dəfə cümhuriyyət qurub

104 il əvvəl Azərbaycan xalqı Şərqdə ilk dəfə cümhuriyyət qurub

Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə sahib olan, bəşər tarixində baş verən siyasi hadisələrin ağuşundan, əsrlərin sınağından uğurla çıxan qüdrətli bir xalqdır. Dünya tarixində ta qədim dövrlərdən bir çox xalqlar öz dövlətlərini yaratsalar da, bugünün dünya dövlətləri arasında öz siyasi yerlərini itirmişlər. Bir xalqın sahib olduğu tarixin rəngarəngliyinin bir çox səbəbləri vardır. Həmin səbəblərdən biri də coğrafi ərazidir. Azərbaycan coğrafi baxımdan dünya tarixinin güclü dövlətləri üçün strateji əhəmiyyətə sahib olan məkan olmuşdur. Bu da Azərbaycan xalqı üzərinə hər zaman böyük məsuliyyət yükləmişdir. Keşməkeşli tariximizin acıqlı, hüzünlü səhifələri olduğu kimi şanlı, qürurverici ilkləri də çoxdur. Bunlardan ən qiymətlisi müsəlman Şərqinin ilk demokratik günəşi Azərbaycan Xalq Cümhuriyyətidir. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində 328 ilkə imza atmışdır. XX əsrin əvvəlləri dünya nizamının yenidən dəyişməsi, imperialist dövlətlərin yeni rəqabət dövrünə qədəm qoyması əsarət altında olan bir çox xalqlar üçün aydınlığa, müstəqilliyə gedən yolun başlanğıcı idi. Birinci dünya müharibəsi dövrü dünyanın güclü dövlətlərinin maraqlarının kəsişməsi Cənubi Qafqaz regionundan da təsirsiz ötüşmədi. 1828-ci ildən azadlıq duyğuları buxovlanan Azərbaycan xalqının ziyalıları bu fürsəti düzgün dəyərləndirdilər. Beləliklə 1918-ci il 28 may Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizə ilk parlament, Şərqdə qadınlara ilk dəfə seçki hüququ, Azərbaycan ordusu, üçrəngli dövlət bayrağı kimi bir çox qiymətli dəyərlər bəxş etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə XX əsr Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş xilaskar, müstəqilliyin atəşində yanmış qəlbin yüksələn səsi idi. AXC-də Milli Şuranın sədri seçilmiş M.Ə.Rəsulzadə vətənə xidməti üçün pərvanə kimi yanmışdır. Bu yolda M.Ə.Rəsulzadə tək deyildir. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, milli hökumətin rəhbərləri- Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, daxili işlər naziri Xəlil bəy Xasməmmədov, hərbi nazir Səməd bəy Mehmandarov və bir çox siyasi xadimin rolu danılmazdır. AXC-nin dövlət, hərbi quruculuq, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə sahəsində atdığı addımlar xalqımızın bugünü üçün böyük əhəmiyyət kəsb edir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris Sülh Konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın de-fakto səviyyəsində müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin dünyada və regionda dəyişən siyasi maraqlar AXC- nin müstəqilliyini təhlükə altına atırdı. Bu istiqamətdə Cümhuriyyət keşikçiləri böyük əzmlə mübarizə aparırdılar. Xüsusilə ermənilərin bu təlatümlü vəziyyətdən istifadə edərək Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına yaratdığı dövlətin ərazisini yenə də torpaqlarımız hesabına böyütmək istəməsi vəziyyəti daha çətinləşdirirdi. Yenicə müstəqilliyini bərpa etmiş xalqın xarici işğalçılara qarşı mübarizəsi dövlətin dayaqlarını zəiflədirdi. Ermənilərin ruslarla razılaşdırılmış qərb torpaqlarımıza basqınları, təcavüzü şimal sərhədlərinin müdafiəsiz qalmasına səbəb oldu. Qısa müddət mövcud olmasına baxmayaraq, dövlətçilik ənənələrimizi dirçəldib bugünümüzə miras qoyan AXC 1920-ci il 27 aprel tarixində süquta uğradı.

Bugün 44 günlük Vətən müharibəsinin qalibi olan müzəffər ordumuz, tariximizin zəfər səsi ilə dünyaya səs salan qələbəsi müstəqilliyimizə olan bağlılığımızın bariz nümunəsidir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin XXI əsr dövlətçilik tariximizdə yazdığı şanlı zəfər tarixi ilə AXC-nin 104 illiyini qeyd etmək hər bir Azərbaycan vətəndaşına böyük qürur hissi bəxş edir. Müstəqilliyimiz əbədi olsun.

Mənzər Ağabəyova

Bakı şəhəri 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Digər xəbərlər