“Exspressen”: “Türkiyə İsveçin müdafiə nazirinin istefasını tələb edir”
Məlum olduğu kimi, Türkiyə İsveçin və Finlandiyanın NATO-ya üzv olmaları üçün etdikləri müraciətlərinin qarşısını alır və haqlı olaraq bəyan edir ki, bu ölkələr Türkiyə dövlətinin maraqlarına zidd olan siyasətlər yürüdür, xüsusilə, ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl vurmağa cəhd edən PKK-YPG terror təşkilatlarına aşkar dəstəklər nümayiş etdirirlər.

Əbəs deyil ki, İsveç mətbuatı da artıq bu barədə yazır, üstəlik, Ankaranın ölkənin müdafiə naziri Peter Hultkvistin istefaya getməsi tələbində haqlı olduğunu dolayı yolla təsdiqləyir.
“Türkiyə istəyir ki, İsveçin müdafiə naziri Peter Hultkvist PKK-YPG təmsilçiləri ilə görüşünə görə vəzifəsindən uzaqlaşdırılsın”, deyə “Exspressen” nəşrinə yaxın olan mənbə Türkiyədəki hərbi nümayəndələrlə görüşü zamanı belə bir nəticəyə gəlindiyini qeyd edib.

Qəzet xatırladır ki, İsveçin müdafiə naziri Hultkvist 2011-ci ildə PKK-nın Burlenqdə keçirdiyi tədbirinə qatılıb. Ötən il isə o, YPG-nin baş komandanı Abdi Şahinlə görüşüb. Eyni zamanda bildirilir ki, Hultkvistin müavinlərindən biri olan və tez-tez PKK təmsilçiləri ilə görüş keçirən Evin Çetin İraqda olarkən PKK-nın İran filialı kimi qeydə alınmış PJAK terrorçuları ilə halay çəkib, rəqs edib. O, məhz bu informasiyanın sızdırılmasından sonra istefaya göndərilib.

Bu hadisənin səhəri günü isə mətbuata belə bir informasiya sızdı ki, Hultkivst 2011-ci ildə PKK təmsilçiləri ilə görüşü zamanı terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalana təriflər yağdırıb.
Beləliklə, hazırkı məqamda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın danılmaz faktlar əsasında İsveçi (eləcə də Finlandiyanı) NATO sıralarında görmək istəməməsini anlamaq heç də çətin deyil. Belə ki, bundan əvvəl, məhz Finlandiyanın da adıçəkilən terror təşkilatına yuva qurması faktları ortaya çıxarılmışdı. Və məhz bundan sonra Ərdoğan qətiyyətli tələblərini bəyan edərək bu ölkələrin terror təşkilatına dəstəklərindən əl çəkmələrinin vacibliyini vurğulamışdı. Əslində, PKK-PJK tipli terror təşkilatlarına görə NATO-ya üzvlük imkanlarını itirmələri yerinə həmin ölkələr yekun nəticə çıxarmağa məhkumdurlar. Onlar bir halda ki, sərhədlərində Rusiya təhlükəsini görürlərsə, məhz öz ölkələrinin təhlükəsizliyini təmin etməlidirlər, terrorçuların deyil!
Ərdoğan isə, öz növbəsində, məlum tələblərini önə sürüb və bu əsnada biz Türkiyə Prezidentinin bütövlükdə Qərblə bağlı fikirlərini də xatırlaya bilərik:
▪ Türkiyənin regional və qobal hadisələrə prinsipial münasibəti bəzi kənar müşahidəçişəri narahat edir.
▪ Türkiyə tələbləri yerinə yetirilməyincəyə qədər NATO-nun genişlənməsi istiqamətindəki mövqeyini dəyişməyəcək.
▪ Qərbin özü üçün yaratdığı təhlükəsizlik sistemi dağılmağa başlayıb.
▪ Bizim uzun illərdir ki, BMT-nin yenidən formalaşdırılması vacibliyi barədə sürdüyümüz təkliflər və verdiyimiz proünozlar özünü doğruldur.
▪ Dünya daha 5-dən ibarət deyil. İndi onların özləri bu barədə danışmağa başlayıblar. Onlar BMT-nin Təhlükəsizlik Şurasının yenidən formalaşdırılması barədə danışırlar. Onlar bizim dediyimizə gələcəklər.
Bütün bu reallıqlar həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Türkiyə dövləti artıq regional gücdən beynəlxalq gücə çevrildiyini çoxsaylı siyasi gedişləri və qətiyyətli qərarları ilə sübuta yetirib. Rəsmi Ankara bu mövqeyini saxlamaqla yeni qlobal hərbi-siyasi və iqtisadi lider olduğunu çoxdan isbatlayıb.
Rövşən RƏSULOV