Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan və cəmi 44 gün ərzində bizim Zəfərimizlə, düşmənin isə biabırçı məğlubiyyəti, kapitulyasiya sənədinə imza atması ilə yekunlaşan müharibədən sonrakı dövrdə Moskva ilə Brüssel dəfələrlə üçtərəfli görüşlərə ev sahibliyi edib və Ermənistanın bundan hansı nəticələr çıxardığı, nə qənaətə və nə qərara gəldiyi sualı indi hamını düşündürür. Əslində, Ermənistan ictimaiyyətinin özündə belə bu sual birmənalı qarşılanmır və qarşıdurma həddində olan erməni cəmiyyəti bu mənada da müxtəlif qütblərə parçalanıb, amma bu qütbləri birləşdirən yeganə məqam növbəti kapitulyasiya qorxusudur ki, bu da Azərbaycanın gücünün, qüdrətinin, həm də diplomatik qələbələrinin ermənilər tərəfindən etiraf edilməsi deməkdir.
Paytaxt İrəvanda və Ermənistanın digər şəhərlərində barışmaz müxalifətin fasiləsiz olaraq davam edən etirazları fonunda Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşü baş tutub, hansıki hərzamankı kimi, bu görüşün nəticələri də ermənilərin kürkünə birə salıb. Çünki, Rusiya hökumətinin belə məlumatına görə, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın iştirak etdiyi bu görüşdə tərəflər sərhəd, gömrük və digər nəzarət növləri üzrə mövqeləri müzakirə edərək bir araya gəliblər və erməniləri də narahat edən məhz budur. Eyni zamanda qeyd olnur ki, baş nazir müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları belə müzakirə ediblər və erməni cəmiyyəti də buna görə narahatlığını gizlətmir.
Sözsüz ki, ötən əsrin 90-cı illərindən etibarən, öz işğalçılıq siyasəti sayəsində Ermənistan bölgədə marginallaşmış duruma düşüb və özlərini saldıqları blokada şəraitindən çıxmaq, ağlı başında olan hər bir erməninin ən böyük arzusu olmalıdır. Nəinki Ermənistan hakimiyyəti, hətta bu ölkənin hərhansı vətəndaşı belə blokadadan çıxmağa kömək edəcək regional kommunikasiyaların açılmasının zəruriliyini inkar etməməlidir, amma bunun əksi müşahidə olunur. Kommunikasiyaların açılması Ermənistanda sosial-iqtisadi vəziyyətin yaxşılaşması, milli iqtisadiyyatın dirçəldilməsi üçün mühüm əhəmiyyət kəsb edir, lakin bu həqiqəti sanki başa düşən yoxdur və bu ölkənin paytaxtında, eləcə də digər şəhərlərində cərəyan edən hadisələr, narazılıqlar, etiraz aksiyaları hələ də erməni cəmiyyətinin müəmmalı durumda və növbəti kapitulyasiya qorxusu altında olduğunu göstərir. Görünən odur ki, hərhansı danışıqlar zamanı ermənilər qorxuya düşürlər və bu danışıqların onlara itgilər verəcəyi qorxusu altındadırlar, çünki Azərbaycan danışıqlarda qalib ölkə kimi çıxış edir və ölkəmizin üstün olduğu bu ölkədə həzm edilmir. Hər bir halda Ermənistan, bütövlükdə erməni cəmiyyəti bu reallıqları qəbul etməli və öz durumunu düşünərək razılaşmalardan boyun qaçırmamalı, razılaşmalara da əməl etməlidir ki, ən azından düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu tapa bilsin.
İndi Ermənistan müxalifəti Paşinyan hakimiyyətini tənqid atəşinə tutub və üçtərəfli danışaqlar başda olmaqla, bu hakimiyyət tərəfindən atılan bütün addımları da pisləyir. Məsələ burasındadır ki, indi Ermənistanın da, bu ölkə hakimiyyətinin də yeganə xilas yolu, acınacaqlı durumdan çıxış yolu qonşu ölkələrlə normal münasibətlər yaratmaq, iqtisadiyyatın dirçəldilməsi, sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün razılaşmalara əməl etmək hesab olunur. Bunu ölkənin baş naziri Nikol Paşinyan, eləcə də onun komandası daha yaxşı başa düşür. Paşinyan yaxşı başa düşür ki, hakimiyyətə gəlmək üçün xalqa verdiyi vədləri, ölkəsinin, ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması vədlərini 4 ildə yerinə yetirə bilməyib və komunikasiyaların açılmayacağı təqdirdə bunu yerinə yetirəcəyi də mümkünsüzdür. Elə ona görə də Nikol və onun hökuməti nə Moskvada, nə də Brüsseldə keçirilən görüşlərdən imtina etmir və bu görüşlərə getməyi də, razılaşmaları da, bu razılaşmalara əməl etməyi də vacib hesab edir, baxmayaraq ki, işğalçı ölkənin radikal müxalifətinin müqaviməti ilə qarşılaşmalı olur.
Hazırda Ermənistan hakimiyyəti İrəvanda bu ilin yazından başlayan və yeni qüvvə ilə alovlanan ehtirasları, narazılıqları, etirazları sakitləşdirməyə çalışır ki, danışıqlardan boyun qaçırmasın. Bu ölkənin müxalifəti isə sərhədin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanla razılaşmanın yolverilməzliyi barədə xəbərdarlıq edərək daim küçə etirazlarına çağırış edir, amma ermənilər nəzərə almalıdırlar ki, Ermənistan müxalifəti bu narazılıqlarına alternativ heç bir təklif etmir. Təbii ki, Ermənistan müxalifəti üçün bu ölkənin hakimiyyətini, iqtidarını günahlandırmaq, problemləri onun üstündə atmaq çətin deyil. Məsələ burasındadır ki, bu günahlandırmanın fonunda Ermənistan müxalifəti heç bir alternativ yol təklif etmir, çünki elə bir yol yoxdur və məhz bunu erməni cəmiyyəti dərk etməlidir. Dərk etməlidir ki, radikal müxalifət onları qızışdıra, meydanlara çıxara bilər, amma acınacaqlı durumdan çıxara bilməz. İndi ermənilər dərk etməlidirlər ki, bu ölkənin müxalifətinin xalq qarşısında heç bir məsuliyyəti yoxdur və onlar nə istəsələr onu da iddia edə bilərlər, amma bu erməni cəmiyyətinin xeyrinə deyil. Artıq erməni cəmiyyətinin bir neçə il bundan əvvəlki təcrübəsi də var və bu cəmiyyət başa düşməlidir ki, bir zamanlar Nikol Paşinyan da müxalifətdə olarkən iddialar irəli sürürdü, hakimiyyəti günahlandırırdı, çox şeylər vəd edirdi, amma hakimiyyəti ələ keçirdikdən sonra bu vədlərini gerçəkləşdirə bilmədi, çünki bunun üçün ölkəsinin imkanları yox idi, marginallaşmış durumda idi və blokada şəraitindən çıxmaq tələb olunurdu, hansıki indi kommunikasiyaların açılması buna şərait yarada bilər.
Bu gün Ermənistan hakimiyyəti də, erməni cəmiyyəti də qarşılaşdığı durumu və riskləri düzgün qiymətləndirməlidir. Ermənistanın hakimiyyəti də, müxalifəti də ambisiyalarla, konfliktlərlə məşğul olmaq əvəzinə öz ölkəsinin və xalqının maraqlarını müdafiə etməlidir. Bu maraqlar isə Ermənistanın acınacaqlı durumdan çıxarılması olmalıdır və bu da kommunikasiyaların açılmasından, qonşularla münasibətlərin normallaşdırılmasından keçir. Bunun reallıq olduğunu gec də olsa erməni cəmiyyəti başa düşməlidir və qəbul etməlidir ki, bu, Ermənistan üçün ən vacib məsələdir.
Görünən odur ki, erməni cəmiyyəti hələ də qorxu içindədir və növbəti kapitulyasiya qorxusu altında yaşayır. İndi ermənilər elə hesab edirlər ki, kommunikasiyaların açılması onlara baha başa gələ bilər. Təbii ki, Azərbaycanın gücü, qüdrəti göz önündədir və rəzalət içərisində olan bir ölkənin, onun ictimaiyyətinin bu realllıq qarşında qorxuya düşməsi anlaşılandır, amma mövcud reallıqla barışmaqdan, razılaşmalara əməl etməkdən başqa çıxış yolları yoxdur. Olsa idi bunu həmin ölkənin müxalifəti bunu bəyan edərdi, yaxud da bu zamana qədər Ermənistan nəyə isə nail olar, öz acınacaqlı vəziyyətini az da olsa düzəldərdi. Bunun isə əksini müşahidə etməkdəyik və bu ölkədə günü-gündən pisləşən vəziyyət qeyd olunanları təsdiq edir.