Dünyanın geosiyasi mənzərəsinə nəzər saldıqda, tamamilə fərqli görüntü müşahidə edilir və artıq bir çox dövlətlərin bir-birinə əzələ nümayiş etdirdiyinin şahidi oluruq. Ələlxüsus bir çox ölkələr silahlanmaya üstünlük verirlər və bunun da qabaqlayıcı tədbir olduğu sirr deyil. Sözsüz ki, hər bir ölkə özünü müdafiə etmək gücünə malik olmalıdır və hərbi potensial vacib məqamdır, amma son vaxtlar bu istiqamətə daha böyük diqqət ayrıldığı da nəzərdən qaça bilməz, hansı ki, bu faktın özü bir çox məqamlardan xəbər verir.
Heç şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra bütün dünyada vəziyyət tamamilə fərqli bir şəkil aldı. Qərb Rusiyanı öz sanksiyaları ilə diz çökdürmək qərarına gəldi və bu istiqamətdə addımlar da atıldı. Buna nə dərəcədə nail olduğu müzakirə mövzusu deyil. Müzakirə mövzusu odur ki, silahlanma, eləcə də əzələ mümayişi ön plana keçdi. Hər bir halda dünyanın ən fövqəl dövlətlərindən biri hədəfə alındı, hansıki, bu heç də təsadüfi sayıla bilməz və bununla geosiyasi mənzərə tamamilə dəyişdi. Bununla yanaşı, bir çox ölkələrdə silahlanma daha çox müşahidə edilməyə başladı və buradan da aydın olur ki, hər bir dövlət ehtiyat tədbiri görmək məcburiyyətində qaldı.
Bir müddətdir ki, Rusiyanın diplomatik mühasirədə olduğunu görürük və bunun nə qədər davam edəcəyi barədə də proqnoz vermək mümkünsüzdür. Çünki bu zamana qədər fövqəl dövlət kimi tanınan bir ölkənin Avropada bir dənə də tərəfdaşı artıq yoxdur. Serbiya və Macarıstanın timsalında Rusiyaya qarşı sanksiyaların əleyhinə olan Avropa dövlətləri belə işğalçı müharibəyə haqq qazandıra bilmirlər, baxmayaraq ki, bu dövlətlərin Rusiyanın neftinə və qazına böyük ehtiyacları var. Deməli, Ukraynada apardığı müharibə səbəbindən Rusiyaya haqq qazandırılmayacaq və sanki bütün dünya bu ölkənin əleyhinədir.
Əlbəttə ki, Avropada tərəfdaşı olmadığı təqdirdə Rusiyanın yeganə ümid yer Çin hesab oluna bilərdi və belə də olduğunu hər kəs müşahidə etdi. Xüsusilə, “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” adlı Moskvada təşkil olunan sayca 7-ci olan konfransda hər iki ölkənin elm adamlarının və diplomatların bir araya gəlməsi müşahidə edilənlərin doğru olduğuna əminlik yaratdı. Nəzərə çatdıraq ki, artıq 2015-ci ildən bu vaxta qədər keçirilən konfransda, elə həmin dövrdən etibarən hər iki ölkə arasındakı əlaqələrin strateji və praktik tərəfləri müzakirə edilir. Onu da diqqətə çatdıraq ki, 2014-cü ildə Rusiya Krımı ilhaq etmişdi, Donbasda isə separatçı bölgə yaratmışdı və bir il sonra, yəni 2015-ci ildən etibarən konfranslara start verilməsi, hər il keçirilməsi təsadüfi sayılmır və bu, Qərblə münasibətləri gərginləşən Rusiyanın üzünü Avropadan Çinə çevirdiyi anlamına gəlir.
Rusiyanın üzünü Çinə çevirməsi də durmadan Qərbi qıcıqlandırır, çünki Çinin artan hərbi gücünü təkzib etmək mümkün deyil və bu fonda Kremlin Çinə meyl etməsi də hadisələrin gedişinə öz təsirini göstərir. Təsir isə ondan ibarətdir ki, Qərb sözügedən iki dövlətə qarşı siyasətini sərtləşdirməyə davam edir. Bu həm də ona görədir ki, Çinin əzələ nümayişi Qərbin heç də xoşuna gəlmir və Rusiyaya qarşı təpkilər, təzyiqlər, sanksiyalar olduğu bir vaxtda Çinin bu dövlətlə yaxınlığı Qərbin planlarına qarşı olmaq kimi təzahür edir.
Bir məqam da diqqətdən yayınmamalıdır ki, konfransda Qərbin Rusiya və Çinə qarşı təzyiq siyasəti yürütdüyü bildirilib. Çıxış edənlər bunu açıq şəkildə bəyan ediblər. Yəni, Çin də, Rusiya da Qərbin qıcıqlandığının fərqindədir və buna əhəmiyyət vermədiklərini belə açıq şəkildə nümayiş etdiriblər. Bu isə o deməkdir ki, hər iki dövlət bir yerdə Qərbə qarşıdır və buna görə zərrə qədər çəkinmədilərini də gizlətmək niyyətləri yoxdur. Bir sözlə, Çin də Rusiya kimi, bir növ Qərbi hesaba almadığını göstərir. Hətta görünən odur ki, elə bil Qərbə meydan oxunur.
Baxmayaraq ki, hədəf Rusiyadır, Kreml özü də hər zaman Qərbi günahlandırıb və bir çox hərəkətlərinə görə ittiham edib. Bir zamanlar Ukrayna ilə Rusiya sərhədlərinə NATO qoşunlarının cəlb edilməsini Rusiya açıq-aşkar bildirirdi və bu məsələdə Qərbi hüquq pozuntusunda, normaları pozmaqda günahlandırırdı. Hal-hazırda da Rusiya yenə Qərbi günahlandırır, amma bu dəfə NATO qoşunlarını Asiyaya yeritməkdə ittiham edir. “NATO Avropa ilə yanaşı Asiyaya da daxil olub və Rusiya, eləcə də Çin sərhədlərinin bütün perimetri boyunca problemli nöqtələr yaradıb, hansıki bu, silahlanma yarışının artmasına gətirib çıxarıb”, deyə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” konfransında çıxış edərkən bildirib. Yəni, Qərb onun tərəfindən açıq şəkildə hədəfə alınıb və günahlandırılıb. Təbii ki, bütün bunlar da təsadüfi sayıla bilməz.
Qərbin ünvanına Rusiya tərəfinin ittihamları ola bilər və Rusiya xarici işlər nazirinin müavini özünü də, təmsil etdiyi ölkəsini də haqlı hesab edə bilər. Məsələ burasındadır ki, Rusiyanın özü də silahlanmaya şərait yaradıb. Əslində, Gürcüstana qarşı Rusiyanın 2008-ci ildəki işğalçı müharibəsi də, qeyd olunduğu kimi, Krımın ilhaq edilməsi də, Dönbasda separatçı bölgə yaratması da, nəhayət, bu ilin əvvəllərində Ukraynaya qarşı savaşı, müharibəsi də Qərb ölkələrini silahlanmaya sövq edib və nəticə də göz önündədir. Qərbin məhz Rusiyanın bu qədər hərəkətlərinə biganə qalmayacağı da Rusiyaya bəlli idi. Elə isə niyə buna rəvac verirdi? Əgər silahlanma Rusiya üçün həyəcan təbili sayılırsa, niyə buna əvvəlcə özü şərait yaradırdı?
Həmçinin Çin özü də Qərbi silahlanmaya sövq etməkdə ittiham edir, amma Avstraliya, Hindistan və Yaponiya olmaqla bir çox yanaşı, bölgə ölkələrin silahlanmasına Çin özü rəvac verib. Daha doğrusu, həmin ölkələri silahlanmaya vadar edib. Çünki, Çinin Tayvan adasına iddiaları həmin ölkələr üçün başqa seçin qoymayıb. İlk əvvəldən qeyd etdiyimiz kimi, qabaqlayıcı tədbir, özümü müdafiə etmək gücünə malik olmaq və hərbi potensial vacib məqamdır. Hər bir ölkənin də öz hərbi potensialını artırmaq istəyi, yaxud niyyəti başadüşüləndir.
Göründüyü kimi, silahlanma sanki artıq davamlı prosesə çevrilib və elə bil ölkələr bu mənada yarışa giriblər. Məsələ burasındadır ki, bu proses bir növ təbii hal alıb və dünyanın indiki düzənin bunun səbəbləri də bəllidir. Hər bir halda silahlanma müsbət nəticələr vəd etmir və bu arzuolunan deyil, amma bir məqamı da diqqətdən qaçırmaq lazım deyil ki, bu gün dünyaya əzələ nümayiş etdirən Çin və Rusiyanın beləcə güc nümayiş etdirmək siyasəti dəyişmədiyi təqdirdə silahlanma hələ davam edəcək.