PDF Oxu

Siyasət

  • 2 673

Çörəklə sınağa çəkilmə astanasında olan Ermənistan - TƏHLİL

Çörəklə sınağa çəkilmə astanasında olan Ermənistan - TƏHLİL

Qonşu dövlətlərlə, ələlxüsus Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri dərhal yoluna qoymaq indi Ermənistan üçün ən vacib məsələdir. Bunu erməni cəmiyyəti də yaxşı başa düşür. Başa düşür ki, ötən əsrin sonlarından, daha dəqiq desək, 90-cı illərdən işğalçı ölkənin öz fəaliyyətini dayandıran nəqliyyat kommunikasiyalarının açılması həmin ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında yeganə çıxış yolu ola bilər. İndi ermənilər yaxşı bilirlər ki, kommunikasiya xətlərinin açılmaması bütövlükdə Ermənistanın çörəklə sınağa çəkilməsi deməkdir, baxmayaraq ki, bu ölkənin müxalifəti buna göz yumur və hələ də bəzi qüvvələr erməni xalqının taleyi ilə oynamağı, siyasi oyunlar qurmağı hər şeydən üstün tuturlar.

Artıq Ermənistan hakimiyyəti hansı çətin vəziyyətlə qarşılaşacağının, digər istiqamətlərlə yanaşı, iqtisadi sahədə də üzləşdikləri fəlakətin nəyə səbəb olacağının fərqindədir. Fərqindədir ki, tezliklə Ermənistan çörəklə sınağa çəkilə bilər və bu imtahan onlara çox baha başa gələr. Çünki bu ölkənin nə hansısa potensialı, nə də bu ölkə hakimiyyətinin hansısa ümid yeri yoxdur ki, imtahandan üzü ağ çıxılsın. Əbəs yerə deyil ki, Paşinyan hakimiyyəti hansı fəlakətlə üz-üzə olması fonunda boynunu büküb və çarəsizliyini də qəbul ediərək tələblər qarşısında başqa çıxış yolu tapa bilmir. Ona görə ki, son dörd ildə Ermənistan üçün heç nə edə bilməyən bu ölkə hakimiyyəti üçün əməkdaşlıq təklifindən istifadə etməkdən başqa bir çarə yoxdur ki, bununla sosial-iqtisadi sıxıntılar içərisində çapalayan erməni cəmiyyətini mövcud açınacaqlı durumdan çıxara bilə.

İndi erməni cəmiyyətində müxalifətin barışmaz mövqeyini hesaba alan da yoxdur. Ermənistan hakimiyyəti üçün də, erməni xalqı üçün də radikal müxalifətin hay-küy salması maraqsız görünür. Ələlxüsus, sadə ermənilər bu haray-həşirə məhəl qoymurlar, çünki haylara indi hay-küy, hansısa uydurmalar, miflər yox, acınacaqlı sosial vəziyyətləri, bu vəziyyətdən çıxış yolu maraqlıdır. Onları küçə və meydanlara dəvət edənlərin isə mövcud sıxıntılarından çıxış üçün hansısa real təklifləri yoxdur və pafoslu çıxışlar onların çox çətin durumlarını aradan qaldıra bilməz, hansıki bu reallığı çox az erməni dərk etməyə bilər.

Sözsüz ki, 2020-ci ilin payızına qədər yalançı vətənpərvər bəyanatlara qulaq asan tapıla bilərdi, amma Ermənistanın biabırçı məğlubiyyətini, müharibəyə, döyüşə cəmi 44 gün tab gətirə bilməməsini görənlən üçün indi pafoslu çıxışlar söz yığınından başqa bir şey hesab olunmur. Əks halda, Ermənistan paytaxtında, yaxud başqa şəhərlərdə müxalifətə çoxlu sayda qoşulanları görərdik. Artıq ermənilər 30 il davam edən blokada şəraitindən çıxmaq arzusundadırlar və səbirsizliklə də bunu gözləyirlər. Ən böyük gözləntiləri isə sərhədlərin, kommunikasiyaların açılmasıdır ki, ermənilər üçün acınacaqlı vəziyyətdən çıxmaq üçün yeganə yol da əslində budur. İndi qonşu ölkələrin bayraqlarını yandırmaqla vəziyyətdən çıxmağa inananları ermənilər özləri axmaq və ağılsız hesab edirlər, hansısa vədlər verənləri isə yalançı sayırlar.

Məsələ burasındadır ki, ermənilərin böyük qardaş hesab etdikləri ruslar da, son zamanlar ayaqlarına düşdükləri avropalılar da onların xilas yolunu kommunikasiyaların açılmasında görürlər. Onlar Ermənistanın düşdüyü vəziyyəti daha yaxşı görürlər və bu işğalçı ölkədə getdikcə dərinləşən böhrandan çıxış yolunun yalnız iki qonşusu ilə iqtisadi əlaqələrin qurulmasından keçdiyini dərk edirlər deyə, bu barədə eyni fikirdədirlər. İstər Rusiyada, istərsə də Avropada, Brüsseldə keçirilən görüşlər də bunu təsdiq edir. Təsdiq edir ki, indi hər kəs Ermənistanın ağır durumunun, bu durumun daha da pisləşəcəyinin fərqindədir. Fərqindədir ki, belə getsə ermənilər qida belə əldə edə bilməyəcəklər və bu rəzil ölkə çörəklə sınağa çəkiləcək.

Artıq erməni sahibkarlar da eyni qənaətdədirlər. Onlar bilirlər ki, Ermənistan əgər Azərbaycanla, eyni zamanda Türkiyə ilə münasibətləri normallaşdırmasa bu ölkənin də, vətəndaşlarının da vəziyyəti kritik olacaq. Heç bir istehsalla məşğul olmayan, məhsul tədarük etməyən, daim kimlərinsə yardımına göz dikən bir ölkəyə yardım olunacağı da inandırıcı görünmür. Əvvəla, ermənilərin böyük qardaşlarının özlərinin yetərincə problemləri var və müharibə aparan bir ölkənin hansısa ölkəyə yardım edəcəyini düşünmək belə mümkün deyil. Digər tərəfdən də artıq rus qardaşları ermənilərin iç üzünü tam olaraq gördülər və hansısa münasibətdən söhbət belə gedə bilməz ki, bunun fonundan yardım da yada düşə. Qərbin isə yadına ümumiyyətlə Ermənistan düşmür və diqqət yalnız Rusiya ilə Ukrayna arasında gedən müharibəyə cəmlənib.

Təsəvvür edəndə ki, Ermənistanda məhsul istehsal edilmir və bu ölkə də gözünü dikdiyi yerlərdən yardım ala bilməyəcək, hansı vəziyyətin yaranacağı bəlli olur. Bir halda ki, texniki bitgilər, ələlxüsus taxıl əkib-becərən ölkələr belə həmin məhsulları idxal etməsə çörəklə bağlı müəyyən problemləri ola bilər, deməli Ermənistanı ümumiyyətlə böyük problemlər, daha dəqiq desək bəlalar gözləyir. Bu ölkənin çörəklə sınağa çəkiləcəyi barədə artıq ekspertlərin əksəriyyəti proqnoz veriblər. Onlar hesab edirlər ki, Ermənistanın taxıl tədarük etməyə nə maddi büdcəsi var, nə də yardım almaq kimi bir ümidi. Belə olan halda vəziyyətin necə olacağı bəllidir. Bəllidir ki, daxili tələbatı təmin etmək üçün hər bir ölkə taxıl tədarük etdiyi halda, Ermənistan bunu edə bilməyəcək və çörəyə olan tələbatı ödəməkdə aciz qalmış olacaq, yəni çörəklə imtahan olunacaq.

Ehtiyac meyarı hər bir ölkədə ola bilər, lakin ehtiyacların fərqli olduğu nəzərə alınmalıdır. Məsələn, hansısa bir ölkə ət və ət məhsulları, süd və süd məhsulları, meyvə və tərəvəzə görə qıtlıqla qarşılaşa bilər, amma bu fəlakət hesab olunmur. İş orasındadır ki, çörək qıtlığı heç də adi hal deyil və bu böyük fəlakət deməkdir. Bu həm də həmin ölkənin, həmin cəmiyyətin bir dəhşətli sınağı hesab olunur. Nəzərə alsaq ki, çörək nisbətən kasıb təbəqinin daha çox istifadə etdiyi məhsuldur, deməli, onsuz da rəzalət içərisində, acınacaqlı sosial durumda olan erməni cəmiyyətini dəhşətli imtahan gözləyə bilər, əgər günün reallıqları ilə barışılmasa, kommunikasiyaların açılmasına maneçilik törədilsə, bu qaçılmazdır. Bu baxımdan Ermənistan hakimiyyəti sərhədlərin delimitasiyasından, demarkasiyasından başlamış qonşularla iqtisadi-nəqliyyat əlaqələrinin qurumasına qədər hər bir məsələdə riskləri düzgün qiymətləndirməli, təhlükələri nəzərə almalıdır. Əks halda çox dəhşətli vəziyyətlə qarşılaşacaqlarını göz önünə almaq məcburiyyətindədirlər və bu zaman onların köməyinə indi pafosla danışan, vətənpərvərlikdən dəm vuran, müharibə zamanı isə qaçıb gizlənən müxalifət çatmayacaq.

Artıq Ermənistan hakimiyyəti də, bu ölkənin müxalifəti də, bəzi ara qarışdıran qüvvələr də erməni xalqını dolamaq yox, dolandırmaq haqqında düşünməlidirlər. Bu zamana qədər yalanlarla başları doldurulan ermənilərin indi qarınları boşdur və onların bəzəkli sözlərə yox, yaşamaq üçün tələbatlarının ödənilməsinə böyük ehtiyacları var və bu ölkənin vətəndaşlarının böyük əksəriyyətinin öz yaşayış yerlərini tərk edərək, başqa ölkələrə kütləvi axın etməsi də bu səbəbdəndir. Əgər “ermənilərin başbilənləri” mövcud reallıqları düzgün qiymətləndirməsələr, kommunikasiyaların açılmasına mane olmağa çalışsalar, yenə də öz pafoslu nitqləri ilə, yalanları ilə qulaqları, beyinləri doldurmağa davam etsələr dəhşətli imtahanla, çörəklə sınağa çəkilməklə qarşılaşmalı olacaqlar.

Digər xəbərlər