PDF Oxu

Siyasət

  • 1 793

Qaradağ rayonunda Qurtuluş Günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib - FOTOLAR

Qaradağ rayonunda Qurtuluş Günü ilə əlaqədar ədəbi-bədii tədbir keçirilib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının, Qaradağ Rayon İcra Hakimiyyətinin və Lökbatan qəsəbəsindəki Əli Əmirov adına Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə Mədəniyyət Sarayında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH İctimai-siyasi və Hümanitar Məsələlər üzrə şöbənin müdiri Munis Bayramov, aparatın digər məsul əməkdaşları, şəhid ailələri və qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 1993-cü ilin iyun ayında ölkədəki ictimai-siyasi vəziyyət, özbaşınalıq, anarxiya və xaos haqqında danışaraq Azərbaycanın xilası üçün xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin labüdlüyü və zamanın tələbi olduğu barədə geniş məlumat verib. O 15 iyun 1993-cü il Qurtuluş Günü ərəfəsində xalqımız parçalanmış vəziyyətdə olduğunu, ölkədə mövcud olan siyasi qüvvələrin bir-biri ilə qarşıdurma şəraitində olduğunu, bir-birindən qisas almaq üçün əli silahlı dəstələrin meydanlarda at oynatdığını, ölkənin sürətlə vətəndaş müharibəsi girdabına yuvarlandığını, xalqın sayılıb-seçilən ziyalılarının isə vəziyyətdən çıxış yolu tapa bilmədiklərini, belə bir zamanda Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevə üz tutmaq üçün zərurət yarandığını bildirdi.

YAP Qaradağ rayon təşkilatının sədri daha sonra qeyd edib ki, Heydər Əliyev ölkədə milli birlik və vətəndaş həmrəyliyinin vacib olması və buna nail olmaq üçün lazım olan vacib şərtləri hələ Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında açıqlamışdı. 1993-cü ilin iyun hadisələri Gəncədə başlanandan dərhal sonra Heydər Əliyev partiyanın fəallarına təcili şəkildə tanınmış el ağsaqqallarını, alim və siyasi xadimləri bir araya gətirməklə ovaxtkı hakimiyyət başında olan prezident Əbülfəz Elçibəylə və digər hakimiyyət nümayəndələri ilə görüşməyi, danışıqlar aparmağı məsləhət gördü. Gürülən işlərin nəticəsində ölkədə tanınmış el ağsaqqalları İmam Mustafayev, Səfiyar Musayev, Əsədulla Qurbanov və başqaları ölkə prezidenti Əbülfəz Elçibəylə görüşdülər və aparılan uzun danışıqlar nəhayət, müsbət nəticə verdi və Əbülfəz Elçibəy Gəncəyə hərbi qüvvə yeritmək qərarından daşınaraq Heydər Əliyevi ona bu gərgin vəziyyətin aradan qaldırılması işində kömək edilməsi üçün Bakıya dəvət etdi. Beləliklə, Ulu Öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev daha sonra əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar oldu: "Bu sabitliyin əldə olunmasının əsasında isə Ulu Öndərin müdrik və uzaqgörən daxili siyasəti, ölkədəki bütün siyasi qüvvələri dialoqa dəvət edərək milli həmrəyliyin və milli birliyin əldə edilməsi siyasəti dayanırdı. Tarixi təcrübə göstərir ki, hər hansı ölkədə vətəndaş həmrəyliyi, milli birlik və həmrəylik olmayanda vətəndaş müharibəsi qaçılmaz və dönməz xarakter alır”.

Daha sonra tədbir işrirakçılarına Ə.Əmirov adına Mədəniyyət Sarayının “Elvina” rəqs qrupunun, solistləri Tural Mehri və Məbud Əhmədovun ifasında maraqlı konsert proqramı təqdim olundu.

Digər xəbərlər