PDF Oxu

Siyasət

  • 3 116

Şuşada beynəlxalq konfrans davam edir - FOTOLAR -YENİLƏNİB

Şuşada beynəlxalq konfrans davam edir - FOTOLAR -YENİLƏNİB

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir. SİA-nın xəbərinə görə, toplantıda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, o cümlədən hər iki ölkədən olan siyasi partiyaların nümayəndələri iştirak edirlər.

Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və hər iki ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyev oxuyub.

Birinci panel iclasında YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov, Türkiyə Milliyətçi Hərəkat Partiyasının Baş katibi, Bursa millət vəkili cənab İsmət Böyükataman. AK Parti sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili cənab Efkan Ala, AK Parti sədrinin birinci müavini, İstanbul millıt vəkili cənab Numan Kurtulmuş, AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri İzmir millət vəkili, Türkiyə nümayəndə heyətinin rəhbəri cənab Binəli Yıldırım çıxış ediblər.

Tədbir Şuşa Bəyannaməsindən irəli gələn məsələlərlə bağlı panel müzakirələrlə davam etdiriləcək.

Qeyd edək ki, toplantıya Türkiyə tərəfindən sabiq Baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

***

Konfransdan əvvəl qonaqlar Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanına gəliblər. Məlumat verilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Sonra konfrans iştirakçıları Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri olan Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus, XIX əsrə aid evlə tanış olublar. Bildirilib ki, kərpic və çaydaşlarından inşa edilmiş tarixi memarlıq abidəsi 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlayıb. 1987-ci ildə binada əsaslı təmir-bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyət göstərib. Qeyd olunub ki, Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.

Daha sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonda konfrans iştirakçıları Cıdır düzündə olublar. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Digər xəbərlər