Siyasət

  • 2 435

15 İyun - Milli Qurtuluşdan böyük Zəfərə doğru

image

Ulu Öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, səriştəsiz siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar. Belə ağır siyasi, iqtisadi, sosial vəziyyətdə xalq öz böyük oğlu, dahi siyasətçi Heydər Əliyevə üz tutdu, onu artıq müstəqilliyini itirməklə üz-üzə qalmış Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən xalqına arxalanan dahi lider Heydər Əliyev Bakıya gələrək özünəməxsus müdrikliklə, yüksək idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti ilə xaosun, qarışıqlığın qarşısını aldı, Azərbaycanı ahəngdar inkişafa,siyasi sabitliyə, iqtisadi dirçəlişə çıxardı. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi.

Düz 29 il bundan öncə, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq ikinci ildir ki, bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət və xalq kimi qeyd edirik. 15 İyun - Hər birimiz üçün həm tarixi xilaskarlıq, həm də mövcud olma günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur.

15 İyun Milli Qurtuluş günü təkcə dövlətçiliyimizin xilası deyildi, həm də 44 günlük müharibədə möhtəşəm qələbənin təməli idi. Və bu gün 19 il prezidentlik fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev Rəşadətli Ordumuzun və qədirbilən xalqımızın sayəsində 44 günlük Vətən savaşından tarixi Zəfərlə çıxdı.

Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək, Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Və bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Bugünkü müstəqil, qüdrətli, güclü Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir.

Seymur Yusibov, YAP Tərtər rayon təşkilatı Hacıqərvənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər