PDF Oxu

Siyasət

  • 3 665

AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR TƏHLİL

AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EV SAHİBLİYİ EDİR TƏHLİL

IX QLOBAL BAKI FORUMUNDA 50-DƏN ÇOX ÖLKƏDƏN 400-DƏK QONAQ İŞTİRAK EDİB

PREZİDENT İLHAM ƏLİYEV: “Qlobal Bakı Forumu dünya gündəmində yer alan problemlərin həllinə töhfə verəcək”

Azərbaycan yenə də növbəti beynəlxalq tədbirə evsahibliyi etdi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderləri iştirak edib. IX Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, forumda qlobal gündəmi təşkil edən prioritet mövzularla bağlı müzakirələr aparılacaq, yeni yanaşmalar işlənib hazırlanacaq: “Qlobal Bakı Forumunda aparılacaq müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək”.Dövlət başçısı həmçinin bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.

“ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI BƏNDLƏRİN YERİNƏ YETİRİLMƏSİ REGİONDA SÜLH VƏ ƏMİN-AMANLIĞIN TƏMƏL SÜTUNUDUR”

Dövlət başçısı çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Dövlətimizin başçısı, həmçinin deyib ki, 30 illik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi: “Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.

“QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ REGİONDA SÜLHÜN VƏ ƏMİN-AMANLIĞIN BƏRQƏRAR OLMASI ÜÇÜN YENİ İMKANLAR YARADIB”

Prezident İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib ki, Qarabağ münaqişəsinin həlli regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaradıb. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlətimizin başçısı bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəlmişdi: “Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”.

“DÜNYANI DAHA TƏHLÜKƏSİZ ETMƏK ÜÇÜN BİZ HAMIMIZ BİRLİKDƏ İŞLƏMƏLİYİK”

“Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır, bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik»,- deyən Azərbaycan Prezidenti vurğulayıb ki, eyni zamanda, gündəlikdəki məsələlərdən biri ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolunun nədən ibarət olmasıdır: “Çünki böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”.

“AZƏRBAYCANIN ENERJİ EHTİYATLARINA TƏLƏBAT ARTMAQDADIR”

“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır. Bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasını keçirdik və gələcək addımları planlaşdırmağa çalışdıq. Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb”. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Biz onların ehtiyaclarını qarşılamağa çalışmalıyıq. Əlbəttə, problemin həlli o qədər də asan deyil. Biz qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

“İNDİ CƏNUBİ QAFQAZDA SÜLHÜ BƏRQƏRAR ETMƏK VƏ ƏMƏKDAŞLIQ QURMAQ VAXTIDIR”

Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, indi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır. Azərbaycan bunun üzərində işləyir.Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb: “Ermənistan buna cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdük”. “Ermənistanla münasibətlərin normallaşdırılması üçün bizim irəli sürdüyümüz təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət də daxildir. Biz şadıq ki, Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi»,- deyən dövlət başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik: «Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik”.

“AZƏRBAYCAN QARABAĞ MÜNAQİŞƏSİNİ HƏLL EDİB VƏ ARTIQ MİNSK QRUPUNA EHTİYAC QALMAYIB”

Prezident İlham Əliyev Forumda çıxışı zamanı ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədiyini və buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmadığını deyib. Dövlətimizin başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır: “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”.

“DÜŞÜNÜRÜK Kİ, ERMƏNİSTAN 10 NOYABR TARİXLİ BƏYANATIN MÜDDƏALARINA ƏMƏL EDƏCƏK”

“Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, əvvəla, bu, regionda disbalans yaradır: «Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq". Qeyd edək ki, Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Albaniyanın Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış ediblər. Qeyd edək ki, iyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər