“Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mövqeylərimizin məqsədlərimizin aydın bəyan edilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki dünyada baş verən hadisələr, qarşıdurmalar və müharibələr zəminində dövlətlərin strateji məqsədlərinin, gələcək planlarının öyrənilməsi önəmlidir və bu ölkələr arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi baxımından vacibdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dövlətinin, Prezidentimizin tutduğu yol, ortaya qoyulan mövqe aydındır və bu, dostluq, əminamanlıq, xalqların və dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət, sülh və təhlükəsizlikdir.
“Xalqımız 44 günlük müharibədə tarixi qələbə əldə edib, uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi viran qoyan, vətəndaşlarımıza zülm edən, soyqrımlar törədən erməni cəlladlarını torpaqlarımızdan çıxarsa da, düşmənə ağır zərbə endirsə də, ancaq yenə də sülhün tərəfdarıdır və ölkələr arasında əməkdaşlığın yaradılmasını, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar edilməsini üstün tutur. Azərbaycan Prezidenti cənab İlham Əliyev forumdakı çıxışında bu məsələlərə bir daha aydınlıq gətirmiş, dövlətimizin mövqeyini bildirmiş, sülh tərəfdarı olduğunu dünyaya bəyan etmişdir. O, Azərbaycanın milli maraqlarına, müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına, eləcə də Ermənistanın gələcək inkişafına, iqtisadi-siyasi böhrandan qurtarmasına xidmət edən və əməkdaşlığın yaradılmasına yönəldilən prinsiplərdən danışarkən demişdir: “Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib və indi praktiki işlər görülməlidir”.
Prezidentimiz onu da xatırladıb ki, Ermənistan dediyini, qəbul etdiyini çox vaxt yerinə yetirmir. Bu da əlbəttə ki, vəziyyəti gərginləşdirir. Ermənistanın imza etdiyi bəyanatları, Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməməsi, sülh müqaviləsinin bağlanmasına etinasız yanaşması, danışıqları yubatması sözsüz ki, onun əleyhinədir və ziyanına işləyir. Bu Ölkənin düşdüyü vəziyyət, qarşıdurmalar, siyasi-iqtisadi böhran bunu bir daha göstərir. Buna görə də Ermənistan hakimiyyəti tezliklə özündə cürət tapmalı və vədinə əməl etməlidir. Əks təqdirdə erməni xalqını daha acınacaqlı günlər gözləyir”, deyə Tahir Rzayev bildirib.