REZİDENT İLHAM ƏLİYEV: "Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək"
Dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan «Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında» Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev cənablarını bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir.
DÖVLƏTİMİZİN BAŞÇISI BU DƏFƏ DƏ VERDİYİ VƏDƏ SADİQLİYİNİ NÜMAYİŞ ETDİRDİ
Prezident İlham Əliyev siyasi iradəsi, müdrikliyi sayəsində 44 günlük Vətən Müharibəsinin qələbəsi Azərbaycan tarixinə Qalib Xalq ifadəsini yazdırdı. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Onların hər biri ilə qürurlanır, qarşılarında borcluyuq. Belə igidlik göstərmiş vətən övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirdir.Ali Baş Komandan dəfələrlə bildirmişdi ki, Vətən müharibəsində igidlik göstərənlər heç vaxt unudulmayacaqlar. Sentyabrın 30-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başladığı hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bu məsələni xüsusi olaraq vurğulayaraq demişdir ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Dövlət başçısı, hətta bu orden və medalların adlarını da özü təklif etdiyini bildirmişdi. Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbçilərlə görüşü zamanı həmçinin onu da bildirmişdir ki, bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm: «Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm... Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək".Qeyd edək ki, müstəqillik dövründə "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medallları təsis olunub və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etmiş, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnən döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etmiş və s. fərqlənən şəxslərə verilib. Azərbaycan və Ermənistan cəbhəsində baş verən aprel döyüşləri və ümumiyyətlə. Qarabağ savaşında Azərbaycan sərhədlərinin qorunmasında xidmətlərinə görə zabit, gizir və əsgər heyəti müxtəlif orden və medallarla təltif olunmuşdular. Hazırda Azərbaycanda 10 orden və 64 medal var. Bu gün isə Azərbaycanda yeni Vətən Müharibəsi ilə bağlı orden və medallar və fəxri ad təsis edilib. Azərbaycan Prezidenti tərəfindən daha 2 orden və 15 medalın təsis edilməsi təklif olunub. Yeni ad isə "Vətən müharibəsi qəhrəmanı" adıdır. Yeni təklif olunan 2 ordendən biri "Zəfər", digəri isə "Qarabağ" ordenidir. Medallara gəlincə isə, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s. Bəli, bu gün Prezident İlham Əliyev indiyədək verdiyi bütün vədləri layiqincə yerinə yetirib. Dövlətimizin başçısı bu dəfə də verdiyi vədə sadiqliyini nümayiş etdirdi. Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral tarixdə imzaladığı yeni Sərəncamı bunun təsdiqidir.
"BU SAHƏDƏ AZƏRBAYCAN DÜNYA MİQYASINDA ÖZ MODELİNİ ORTAYA QOYUR"
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid əilələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında cari ilin yanvar ayının 25-də imzalanmış «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Sərəncam da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunun bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Eləcə də, dövlət başçısının imzaladığı digər sərəncama əsasən bir sıra kateqoriyadan olan insanların, şəhid ailələrinin, Milli Qəhrəmanların, I, II, III qrup Qarabağ müharibəsi əlillərinin, İkinci Dünya müharibəsi veteranlarının təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin yeni təqaüd növü – “Vətən müharbəsi qəhrəmanı” təqaüdü təsis edilib. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Həmçinin, Prezident İlham Əliyevin Fərmanı ilə YAŞAT Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir. Bütövlükdə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
SON 3 İLDƏ 160 MİNDƏN ÇOX ŞƏXSƏ, POSTMÜHARİBƏ DÖVRÜNDƏ 3 MİN QAZİYƏ ƏLİLLİK TƏYİN EDİLİB
Hərbçilərin əlilliyinin qiymətləndirilməsi və reabilitasiyası işlərinə, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair mətbuat konfransında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Anar Bayramov bildirib ki, 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.
ŞƏXSİ MƏNAFE NAMİNƏ QAZİ ADINDAN SUİ-İSTİFADƏ EDƏNLƏR...
Bu gün dövlətin qazi və şəhid ailələrinə böyük qayğı və diqqətlə yanaşır. Təssüf ki, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirir. Belələrinin həm özləri saxtakarlıq edir, həm qayda-qanunları pozurlar, haqsız tələblər irəli sürürlər, həm də qazi adına ləkə gətirirlər. Bu isə yolverilməzdir. Qeyd edək ki, dövlət 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib qazi adı qazananlara da, Birinci Qarabağ müharibəsi iştirakçılarına da lazımı diqqət və qayğını göstərir. Dövlət bütün hallarda torpaq uğrunda döyüşən qazilərə diqqət-qayğı göstərir və onlara şərait yaradır. Maraqlıdır ki, torpaq uğrunda həqiqətən vuruşan insanlar dövlətdən razılıq edir. Çox təəssüf ki, torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmədiyi halda özünü “qazi” adlandıranlar özlərini “qazi” adlarıb dövlətdən haqları çatmayan imtiyazları tələb edirlər. Onlar çirkin yollara əl atıb qazi adından sui-istifadə etməyə cəhd göstərirlər, bu yolverilməzdir. Belələrinin həm özləri saxtakarlıq edirlər, həm qayda - qanunları pozurlar, haqsız tələblər irəli sürürlər, həm də qazi adına ləkə gətirirlər. Vətən üçün əsl döyüşən fədakar vətən oğullarının əməyinə kölgə salmış olurlar. Ona görə də belə şəxslər aşkarlanarkən onlara qarşı həm ictimai qınaq, həm də cəza tədbirləri görülməlidir. Bəlkə də bu cəzalar daha sərt olmalıdır. Onlar fərqinə varmırlar ki, hansı müqəddəs adı ləkələyir, kimlərin əməyini yerə vururlar.Ancaq bu gün dövlət qazilərin reabilitasiyasını öz üzərinə götürür, onların xarici ölkələrdə sağlamlıqlarını bərpa etməsi üçün ən yüksək səviyyədə şərait yaradılır. Eləcə də onların sosial müavinətləri, rifah hallarının yaxşılaşdırılması üçün mənzil, avtomobil və digər ehtiyaclarının təmin edilməsi üçün işlərin görüldüyü də bəllidir. Bunlarla yanaşı, qazilərin problemlərini operativ şəkildə həll etmək üçün bütün icra hakimiyyətlərində müvafiq şöbələr də təsis edilib. Bütün bunlar dövlətin bu kateqoriyadan oln lara dövlətin diqqət və qayğısının göstəricisidir.Bir sözlə, yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin, qazilərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.Və bütün bu uğurlu işlər onu göstərir ki, dövlət Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi yönündə bundan sonra da sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımızın dediyi kimi: «Qəhrəman döyüşçülərimiz gələcəkdə də daim mənim nəzarətim altında olacaqlar».
RƏFİQƏ HÜSEYNOVA