Azərbaycan xalqı XX əsrin sonlarında və XXI əsrin son 20-ci ilində iki böyük tarixi hadisəni yaşamalı olmuşdur. Bunlardan biri tariximizin səhifələrindən qara, digəri isə qırmızı xətlə keçir. Biri Vətənə sevgisizlikdən Vətən torpaqlarının qurbanı, digəri Vətən sevgisindən həmin torpaqlar uğrunda mübarizə, mücadilə idi. Bu tarixlərin birinin adı Birinci Vətən Müharibəsi, digərinin adı İkinci Vətən Müharibəsi idi. Və bu tarixi hadisələrin bir-birindən fərqli nəticələrinə-işğala və Zəfərə səbəb ordumuzun ozamankı və buzamankı vəziyyəti oldu. 1990-cı illərdə ordumuzun lazımi gücə malik olmaması torpaqlarımızın işğalı ilə nəticələndisə, ondan 30 il sonra tamamilə başqa bir ordu ilə düşmənin qarşısına çıxa bildik. Bununla da Zəfər tarixini yaza bildik. Çünki 30 il boyunca ölkəmizin iqtisadiyyatı gücləndirilmiş, ordu quruculuğu da bu gücdən güc almış, möhkəmləndirilmişdi.Torpaqlarımızın işqalının da, azad olunmasının da səbəbi kimi ordumuzu əsas götürürüksə, onda ordu tariximizə qısa bir nəzər salaq.
100 illik ordumuz
Əgər 1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz əlimizdən alınmasaydı, o gündən bu günə kimi müstəqil yaşasaydıq, indi ordumuzun da 104 yaşı olacaqdı. Eyni zamanda 104 yaşla bərabər, ötən bir əsrdə hansı inkişaf mərhələlərindən keçməsi də məsələnin əsas tərəfi olacaqdı. Müstqəilliyimizi itirməsəydik, çox təbii ki, 1990-cı illərdə torpaqlarımızı da itirməyəcəkdik. Çünki cümruhiyyətimizin 23 ay yaşamasına baxmayaraq onun qorunması üçün ordu quruculuğu sahəsində əsaslı işlər həyata keçirilmişdi.Tarixi faktlara qısa nəzər: 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabr ayının 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri F.Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və Nazirliyin formalaşdırılması ona tapşırıldı.Digər bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və sair irəli gələn xüsusiyyətləri də əhatə edir. Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də vardır. Azərbaycan Xalq Ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi. Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xətti qalmaqda idi. Digər tərəfdən Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu təxminən ilyarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.Belə müdrikcəsinə düşünülüb təşkil olunan orduya bu günün prizmasından yanaşdıqda belə qənaətə gəlmək olur ki, əgər imkan verilsəydi, onun bu gün dünyanın güclü ordularından biri olacağına heç bir şübhə yeri qalmır. Lakin bütün bunları uzaqgörənliklə düşünənlər nə bu cümhuriyyətin yaşamasına, nə də ordumuzun var olmasına göz yuma bilmədilər. Qısa zaman ərzində sözünü deyən, gücünü göstərən cümhuriyyətin 50, 100 il sonrakı vəziyyətini açıqca görənlər onun irəliyə doğru getməsinə heç bir şəkildə razılıq verə bilməzdilər.
Ölkəmizdə güclü ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.Peşəkar ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Belə ki, xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. Ümummilli lider Heydər Əliyev sonralar həmin tarixi qərarı belə xarakterizə etmişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün sentyabrın əvvəlində… bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. Biz burada Azərbaycanın Milli Ordusunu ¬yaratdıq”.1995-ci il mayın 21-də həmin briqada motoatıcı diviziyaya, 1998-ci il dekabrın 8-də Ordu Korpusuna çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb.1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təkmilləşməsi prosesi yeni mərhələyə qədəm qoymuş, ordu quruculuğu diqqət mərkəzində saxlanılmışdır. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilmişdir. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulmasına diqqət yetirilmiş, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin əsgərləri sülhməramlı qismində müxtəlif münaqişə zonalarında iştirak edirlər.
Ordu quruculuğu dövlət siyasətinin əsas prioriteti olub
Yuxarıdakı tarixi faktlara da nəzər salarkən aydın görünür ki, Azərbaycan ordusu keşməkeşli yollar keçmişdir. Bu gün 104 yaşlı olmalı olan ordumuzun əslində varlığı 30 il çərçivəsindədir. Bu 104 ilin 70-ni sovet imperiyasının buxovlarına qurban verdik. Cümhuriyyət dövründə təməli qoyulan ordumuzun necə möhkəm təməllərə əsaslandıgını görənlər isə təbii ki, həmin 70 ildə bu ordunun inkişafını gündəmə belə gətirməzdilər. Əksinə, əsgəri xidmətə yollanan övladladlarımızı fəhlə batalyonlarında xidmətə cəlb edirdilər ki, onlar ordu məfhumunun nə olduğunu anlamasınlar. Lakin bir məsələni unudurdular ki, bu xalqın öz coğrafiyasına, milli-mənəvi dəyərlərinə uyğun ruhu var və elə ordu da tarixən bu amillər üzərində yaranmışdır. İndi bəzi əllər uzansa da, bu ordunun yaradılmasına ürəklər tab gətirməsə də, xalq nə vaxtsa tarixinə, ordusuna, varlığına qayıdacaqdır.Belə də oldu. 1990-cı illərdə necə ki, 1920-ci ildə itirdiyimiz müstəqilliyimizi yenidən bərpa etdik, ulu öndərimizin sayəsində müstəqilliyimiz əbədilik qazandı, ordu quruculuğunun təməli qoyuldu, sonrakı illərdə də ordumuzun inkişafı, təkmilləşdirilməsi, möhkəmləndirilməsi dövrü başlandı.Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev ötən 30 ilin tarixinin bilavasitə şahidi, iştirakçısı olduğu üçün torpaqlarımızın işğal səbəbinin tarixini də gözəl bilir və analiz edirdi. Bu işğalın səbəbinin səriştəsiz dövlət rəhbərlərinin satqınçılığı ilə yanaşı, həm də ölkədə ordu quruculuğuna etinasız yanaşmalarında olduğunu bilirdi. Torpaqların geri alınması isə ata vəsiyyəti olmaqla yanaşı, həm də dövlətimizin rəhbərinin Vətəninə sevgisindən qaynaqlanan xarakteri idi. Bütün bu səbəblərdən də ötən 18 ildə ölkənin inkişafı, ordu quruculuğu, torpaqların işğaldan azad edilməsi üçün sülhməramlı danışıqlar paralel şəkildə aparıldı. Prezidentimizin uzaqgörənliyi burada əsas rol oynayaraq hər iki halda-ya sülh, ya da müharibə yolu ilə torpaqların azad edilməsinin qaçılmaz olduğunu ortaya qoydu. Və zaman sübut etdi ki, bu, böyük müdrikliklə düşünülmüş məsələ oldu. Çünki torpaqlarımız sülh yolu ilə azad olumayacaqdı. Biz isə artıq ikinci yola da hərtərəfli şəkildə hazır idik.Beləliklə, Ulu Öndərin ordu quruculuğu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul da etdi. Dövlət başçısının 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını buna misal göstərmək olar. 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 2018-ci il 2 avqust tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı dövlətimizin başçısının məlum göstərişi də, “YAŞAT” Fondunun yaradılması da Müzəffər Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailə üzvlərinə olan doğma münasibətinin göstəricisidir.2020-ci ilin 44 günlük müharibəsindən sonra qısa zamanda şəhid ailələrinə və əlillərə mənzillərin və avtomobillərin təqdim olunması, qazilərimizə göstrəilən qayğı, onların müalicələrinin təşkil edilməsi bir daha sübut edir ki, müahribədən yenicə çıxmış bir ölkədə bu kateqoriyadan olan insanlar hansı şəraitdən asılı olmayaraq dövlətin daim diqqətindədir.
Ordu yurddur, torpaqdır, Vətəndir...
“Ordum varsa, yurdum var”. Bu deyimi dəfələrlə eşitmişik, onu sərlövhə edib yazılar yazmışıq. Lakin gəlin açıq deyək ki, bu deyimin necə böyük bir məna kəsb etdiyini İkinci Vətən Müharibəsindəki Zəfərimizdək dərk etməmişdik. Bəli, həqiqətən ordu yurddur, torpaqdır, Vətəndir. Ordun yoxdursa, Vətən də sənin deyil, igidin də igidliyini, Vətən sevgisini istədiyi kimi göstərə bilməz. Bütün bunlar orduda birləşir. Əliyalın şəkildə haraya qədər vətənpərvərlik nümayiş etdirmək olar ki... Axı bunu da görmüşük. Birinci Vətən Müharibəsində əliyalın Vətən sevgimizi göstərdik, 44 günlük müharibəsindən qat-qat artıq itkilərimiz oldu. Çəkilmədik, yurdlarımızın, torpaqlarımızn müdafiəsində dayandıq, lakin azad edə bilmədik, onlar işğala qurban getdilər. Çünki bir deyildik, birlik deyildik, orduda birləşməmişdik. Bizə qalan şəhid yanğısı, qazi yarası, bir də hələ irəlidə 30 il inləyəcək torpaq həsrəti oldu.İkinci Vətən Müharibəsində Zəfərimizin səbəbi isə böyük gücə malik ordumuzun varlığı, bu orduya uzaqgörən, qətiyyətli sərkərdənin rəhbərlik etməsi oldu. Digər bir tərəfdən isə vətənpərvərlik, torpaq sevgisi ötən illərdə gənclərimizə elə bir şəkildə aşılanmışdır ki, onlar hər an torpaqların azad edilməsinə yollanmağa hazır idilər. Ölkəmizdə həyata keçirilən bu cür hərtərəfli tədbirlər Zəfərimizi qazanma səbəbimiz oldu. Dövlətimizin başçısının çıxışlarının birində Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verdiyi yüksək qiymət kimi: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.Azərbaycan xalqı 2020-ci ilin 44 günlük payızında dünyaya bəyat etdi. Bəyan etdi ki, 100 ildən artıq yaşı olan ordumuz müxtəlif zaman kəsiklərində tənəzzülə uğradılsa da, onu yenidən dirçəldən şəxsiyyətlərin ruhu heç bir zaman kimlərinsə diqtəsi ilə çevrilə bilinmədi. O ruhlar, o Vətən sevgisi, o iradə, əzm də ordumuzun yenidən yaranmasına və inkişafına səbəb oldu. O ordu bizim şərəf məsələmizi həll etdi. Torpaq namusdur, biz öz namusumuzu xilas etdik.Bu gün hər bir azərbaycanlı dövlətimizin rəhbəri, Milli Ordumuzla qürur duyur. Biz müharibə dövründə ordu sərkərdəsinin əzmini gördük. Həm müharibə meydanında, həm xarici ölkələrin nüfuzlu televiziyalarına və xəbər agentliklərinə verdiyi müsahibələrdə, həm xalqına tez-tez müharaciətlərində böyük bir sərkərdəni gördük. Gördük və 1990-cı illərlə müqayisə apararaq dərk etdik ki, həqiqətən də Vətən üçün hər kəs oğul ola bilməz. Gərəkdir ki, yaxşı atanın yaxşı oğlu olasan... Kökündən qaynaqlanan Vətən sevgin, qürurun, əzmin, iradən ola.
Mətanət MƏMMƏDOVA