"Ölkədə siyasi dialoq ənənə və təcrübəsinin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə mütəmadi olaraq müxtəlif səpgili layihələr icra olunur. Azərbaycan ictimaiyyəti mövcud istiqamətdəki davamlı təşəbbüslərin şahididir. Təsadüfi deyil ki, ölkə Prezidenti öz ritorikasında siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürlərə davamlı olaraq müraciət edir". SİA xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Siyasi partiya rəhbərlərinin və politoloqların Zəngilan rayonuna səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, mövcud kontekstdə işğaldan azad olunmuş ərazilərə siyasi partiya rəhbərləri üçün birgə səfərlərin təşkili təcrübəsi xüsusi siyasi çəkiyə malikdir: "Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunmuşdur. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən ilin 17 mart tarixində Ağdam şəhərinə təşkil olunmuşdur. İkinci birgə səfər ötən ilin 7 oktyabr tarixində artıq Şuşa şəhərinə təşkil olunmuşdur. Növbəti, artıq üçüncü dəfə ölkə siyasiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari ilin 15 iyun tarixində Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxmışlar. Ölkənin siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak etmişlər".PA rəsmisi əlavə edib ki, növbəti, artıq sayca 4-cü olan, birgə səfərin ünvanı Zəngilan rayonudur: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşkilatçılığı ilə cari ilin 24 iyun tarixində keçirilmiş səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi təmsil olunmuşdur. Təşkil olunmuş səfərdə siyasilər ilə yanaşı, 6 tanınmış politoloq, siyasi şərhçi və 19 nəfər jurnalistlər də iştirak etmişdir".
sia.az