Siyasət

  • 2 467

Mühüm tarixi təşəbbüs

image

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi.Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.

Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.

Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.

Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır.

Məhz bu ruh yüksəkliyinin və peşəkarlığın nəticəsidir ki, Azərbaycan Ordusu otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş istehkamlarda güclü mövqelər quran düşmənə qarşı çətin relyef şəraitində ən müasir standartlar səviyyəsində döyüş apararaq, 44 gün ərzində şanlı Qələbə qazandı. Rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi.

Müzəffər Ali Baş Komandan bu şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb. Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “…Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin 2900-dən çox hərbi qulluqçusu şəhid oldu.Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.

Bu gün Azərbaycan xalqı ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi tanınır. Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq, əhalimizin sosial rifahı daha da yaxşılaşacaq və Vətənimiz gündən-günə çiçəklənəcək. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu sarsılmaz birlik və həmrəylikdən asılıdır.

Səbinə Əskərova

Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi

Digər xəbərlər