PDF Oxu

Siyasət

  • 4 154

Məğrur xalqın qalib ordusu - ŞƏRH

Məğrur xalqın qalib ordusu - ŞƏRH

Şanlı hərb tarixi və Qəhrəmanlıq ənənələrinə malik Azərbaycan xalqı uzun əsrlər boyu öz azadlığı, müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sərvətlərə malik olması və strateji coğrafi mövqeyinə görə Azərbaycan ərazisi tarix boyu xarici işğalçıların hərbi təcavüzünə məruz qalmışdır. Bu işğalçılara qarşı mübarizədə Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda qəhrəmanlıq və zəngin hərb tarixi formalaşmışdır. Dövlət liderləri və hərbçilərimiz hərbi taktika və strategiyalardan istifadə edərək şərəfli zəfər salnamələri yazmışlar. Bu baxımdan müasir Azərbaycan ordusunun formalaşması ağır, mürəkkəb, keşməkeşli və şərəfli yol keçmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradılmış, bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyulmuşdur. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olunmuşdur. Beləliklə də uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa etmiş, sıralarında vətənini, xalqını sevən oğullarının, qəhrəmanlarının cəmləşdiyi milli ordumuz yaradılmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğuna yenidən başlanılmışdır. Ölkəmizdə bütün sahələrin inkişafı kimi peşəkar ordu quruculuğu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin apardığı islahatların nəticələrindən biridir. Zaman keçdikcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır. Ulu Öndərin ardıcıl səyləri, dərin bilik və bacarığı, sərkərdəlik məharəti nəticəsində peşəkar ordunun formalaşdırılması prosesinə başlanılmışdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə məhz Xalq Cümhuriyyəti dövründə - 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün, yəni 26 iyun kimi təsdiq edilmiş, tarixi varislik prinsipi qorunmuşdur. 1998-ci ildən etibarən hər il 26 iyun Azərbaycanda Silahlı qüvvələr Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd olunur. . Ordunun kadr potensialının müasir səviyyədə təmin edilməsi məqsədilə hərbi lisey və ali hərbi məktəblərin maddi-texniki bazası gücləndirilmiş, strukturu və idarə edilməsi təkmilləşdirilmişdir.

2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ölkə başçısının düşünülmüş siyasəti, məharətli idarəçilik səriştəsi sahəsində Azərbaycan silahlı qüvvələri yüksək maddi-texniki vasitələr ilə təchiz olunmuş, ən müasir silahlarla silahlanmış, yüksək səviyyəli, peşəkar ordu kimi formalaşmışdır.
Zaman keçdikcə görülən bütün işlər öz bəhrəsini verdi, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvəlləri düşmənin növbəti təxribatlarına prezident İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı və 30 il davam edən işğala ildırım sürətli döyüşlərlə - 44 gün ərzində son qoyuldu. Rəşadətli ordumuz tarixi ədaləti bərpa etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, müqəddəs üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi ucaldıldı..

Müasir dövrdə tam əminliklə deyə bilərik ki, Qafqazın ən güclü ordusu Azərbaycan ordusudur. Təbii ki, bu ölkədə həm iqtisadiyyat sahəsində, həm də digər sahələrdə aparılan islahatların nəticəsidir. Ölkə başçısının dediyi kimi, “biz hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq”

Ordumuzun bütün əsgər və zabitlərini, eləcə də bütün xalqımızı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Biz qalib gəldik və biz xalq olaraq yeni reallıq yaratdıq.
Yaşasın qalib xalqımızın qalib ordusu!

Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov k. 23” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər