Siyasət

  • 2 602

Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir

image

Prezident cənab İlham Əliyev iyun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edərkən bir daha Azərbaycan həqiqətlərini, ölkəmizin 30 il boyunca erməni işğalından əziyyət çəkdiyini, Ermənistanın işğalda saxladığı torpaqlarımızda çoxnövlü terror aktları törətdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Ölkə başçısının da qeyd etdiyi kimi bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Azərbaycan beynəlxalq təcrübədən yaralanaraq həm işğaldan azad edilmiş ərazilərin, eyni zamanda digər şəhərlərin yenidən qurulması işlərini həyata keçirməyi planlaşdırır.
Bu baxımdan “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərin istiqamətləndirilməsində mühüm rola malikdir. Bu vaxta qədər paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Ölkə başçısı sessiyada çıxışı zamanı bildirdi ki, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Prezident cənab İlham Əliyev Ağdam və Füzuli şəhərlərinin adlarını qeyd edərək vurğuladı ki, bu şəhərlər tamamilə yerlə yeksan edilmiş. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdir. Ağdam şəhəri də həmçinin o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. Azərbaycanın sülh müqaviləsini imzalamaq təklifi ilə çıxış etdiyi bir vaxtda- rəsmi İrəvan təxribat və hərbi cinayətlərin davam etdirilməsində maraqlıdır. Belə ki, Ermənistan tərəfindən aparılmış kütləvi minalanma Azərbaycanın qarşısında duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Ermənistandan fərqli olaraq regionda dami sülh və təhlükəziliyin bərqərar olmasında maraqlı olan Azərbaycan isə azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısı sessiyadakı çıxışında diqqətə çatdırdı ki, məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum ediliblər. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Prezident cənab İlham öz çıxışında Azərbaycan dövlətinin işğaldan azad etdiyi ərazilərində bu vaxta qədər gördüyü genişmiqyaslı işlərə də diqqət çəkdi. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Bütün bu işlərin Azərbaycanın öz maliyyə resursları hesabına aparıldığını diqqətə çatdıran Prezident cənab İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasının əsas məqsəd olduğunu bildirdi.

Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər