Siyasət

  • 1 833

“Şəhərlərin yaşıl gələcəyi”-Ümumdünya Şəhər Forumu ŞƏRH

image

Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyası iyunun 27-də işə başlayıb. Birləşmiş Millətlər Təşkilatının Yaşayış Məskənləri Proqramının təşkil etdiyi bu nüfuzlu beynəlxalq konfrans şəhər və yaşayış məskənlərinin inkişafına həsr olunub. WUF11-in şüarı isə "Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir. Forum tarixdə ilk dəfədir ki Mərkəzi Avropada təşkil edilir. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sessiyada videoformatda çıxış edib.

Ökəmizin bu il Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparmışlar.Küləklər şəhəri, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq.

Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq. Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözlənilir.Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır. Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib.

Könül İbrahimova
YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər