Siyasət

  • 1 951

Azad edilmiş ərazilərdə bütün işlər Azərbaycanın öz maliyyə resursları əsasında həyata keçirilir

image

İyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri haqqında geniş məlumat verdi. Ölkəmiz 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və həmin ərazilərdə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarından didərgin düşüblər. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə davamlı olaraq talançılıq və çoxnövlü terror aktları törətmişdir. Bütün şəhər və kəndlər yerlə yeksan edilmiş, bütün infrastruktur və mədəni irs vəhşicəsinə dağıdılmışdır.

Sessiyada çıxışında Prezident cənab İlham Əliyev konkret olaraq Ağdam və Füzuli şəhərlərinin adını qeyd edərək əcnəbi mütəxəssislərin Ağdamı “Qafqazın Hiroşiması” adlandırdıqlarını, Füzulini isə azad etdikdən sonra burada dövlət bayrağının dalğalandırılması üçün bir dənə də olsun salamat binanın olmadığını diqqətə çatdırdı. Ermənistanın 30 il boyunca törətmiş olduğu vandalizm aktlarını artıq işğaldan sonra xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri həmin ərazilərə səfərləri zamanı əyani şəkildə görmüş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Uzun illər işğaldan əziyyət çəkməsinə baxmayaraq öz əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bunun üçün konkret təkliflərlə də çıxış edib. Hətta həmin prinsiplər Ermənistan tərəfindən rəsmi olaraq qəbul olunub. Düzdür, Ermənistan hazırda sülh müqaviləsinin imzalanamsından yayınmağa çalışır və hətta təxribatlarından da qalmır. Sülh müqaviləsinin imzalanması nəticəsində bölgədə sülh və əməkdaşlıq bərqərar ola bilər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi çox böyük yenidənqurma işləri özlüyündə ölkəmizin sülh tərəfdarı olmasını sübut edən mühüm amillərdəndir. Cənab Prezident çxışında azad edilmiş ərazilərdə həyata keçirilən işlər haqqında vacib məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın yenidənqurma prosesində hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Belə ki, azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. Bundan əlavə, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək. Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
İşğaldan azad edilmiş ərazilərdə bütün işlər Azərbaycanın öz maliyyə resursları əsasında həyata keçirilir. Prezident cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirildiyinin həyata keçirildiyini vurğulayaraq bu istiqamətdə ölkəmizlə həmrəylik və beynəlxalq dəstəyin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Digər xəbərlər