Siyasət

  • 1 745

“Azərbaycan xalqı tamamilə dağıdılmış ərazidə yeni həyat qurur” - DEPUTAT ŞƏRH ETDİ

image

“Xalqımız işğaldan azad edilmiş bütün ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərini böyük bayram əhval-ruhiyyəsilə izləyir. Bu torpaqlara həyatın yenidən qayıtması, ən əsası, bütün ərazilərin müasir tələblər səviyyəsində qurulması hər kəsdə bayram ovqatı yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun -Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü işğaldan azad edilmiş torpaqlarımızda qeyd etdi. Tarixi Zəfərimizi şərtləndirən amilləri, postmünaqişə dövrünün reallıqlarını bu məkanlardan bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Dövlət başçımız səfər çərçivəsində yeni komando hərbi hissəsinin açılışını edib və döyüş bayrağını təqdim edib. Komando birliklərinin yaradılması, tarixi Qələbəmizdən sonra “ordu quruculuğumuzu Türkiyə Respublikasının Silahlı Qüvvələri tipində yenidən formalaşdıracağıq” fikrinin gerçəkləşdirilməsi istiqamətində görülən işlərdəndir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.Onun sözlərinə görə, Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənir: “Bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Ordumuzun inkişafı üçün ciddi addımlar atılır. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanır. Dövlət başçımızın bildirdiyi kimi, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz, Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. «Dəmir yumruq» yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz”.

Deputat diqqətə çatdırıb ki, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir: “Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir”.
K.Bayramov iyunun 26-da prezidentin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərini, Böyük Qayıdışa xidmət edən biri-birindən əhəmiyyətli infrastruktur və sosial obyektlərin təməlqoyma və açılış mərasimində iştirakını da xatırladıb və bu səfərlərin xüsusi əhəmiyyətə malik olmasından bəhs edib: “Ölkə Prezidenti Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Kəlbəcər rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışlarında iştirak etdi. Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq «Qorçu» elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda «Həkəriçay» su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandığı gündən dövlət başçısı İlham Əliyev aidiyyəti qurumların qarşısında bu mühüm vəzifəni qoydu ki, bütün işlər Baş plan əsasında həyata keçiriləcək. Baş plandan kənar hansısa bir iş görülməyəcək. Ona görə ki, həmin Baş planda şəhərin müasirliyilə qədimliyinin vəhdətini qorumağa xidmət edən bütün addımlar öz əksini tapıb.
Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz, bu torpaqların sahibləriyik. Dövlət başçımız işğaldan azad edilmiş bütün ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Əlbəttə ki,burada məqsəd, həm işğal, həm də Zəfər dövrünün reallıqlarını ölkə ictimaiyyətinə, eyni zamanda, bu ərazilərə gələn xarici qonaqlara çatdırmaqdır”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər