Prezident İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Vl Zirvə Toplantısindakı çıxışında "Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq"kimi dəyərli fikri toplantı iştiakçıları tərəfindən əməkdaşlığın dahada dərinləşdirilməsinin vacibliyi baxımından müsbət çağırış kimi qəbul olunmuşdur.Azərbaycan Prezidentinin vurğuladığı kimi Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Burada da ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənmə imkanları çoxdur.
Kamil Məmmədov
YAP Tərtər rayon təşkilatının əməkdaşı