"29 iyunda Prezident İlham Əliyevin Türkmənistana Xəzəryanı ölkələrin VI sammiti çərçivəsində səfəri baş tutdu. Səfər müzakirə olunan məsələlərin əhəmiyyəti baxımından yadda qalan oldu. Ümumiyyətlə, Azərbaycanın Xəzərlə bağlı əsas yanaşması əvvəla, bu dənizin sülh və təhlükəsizlik bölgəsinə çevrilməsidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, digər məsələ isə Xəzərin əməkdaşlıq məkanına çevrilməsidir: "Bu iki xətt üzrə dövlətimiz uzun illərdir ki, diplomatik mübarizə aparır. Xəzərin hüquqi statusu ilə bağlı məsələ 2018-ci ildə Aktau şəhərində keçirilən zirvə sammitində təsdiq olunub. Uzun illərdən bəri vahid mövqenin əldə olunması uğrunda fəaliyyətin uğurla nəticələnməsində Azərbaycanın da rolu az olmamışdır. Çünki, həmin status Xəzərdə əməkdaşlıq və təhlükəsizlik üçün hüquqi çərçivə müəyyənləşdirib. Azərbaycan dövləti bugün də təşəbbüslərə davam edir. Dünyada qlobal problemlərin artdığını, hərbi qarşıdurmaların eskalasiya həddinə gəldiyini nəzərə alsaq, bu proseslərin geosiyasi və geoiqrisadi nəticələrinin Xəzər regionundan uzaqlaşdırılması ehtiyacı yaranır. Bizim üçün gələcəkdə Xəzərin hərbi əməliyyatlar üçün platsdarm kimi istifadə edilməməsi prioritet məsələdir və cənab prezidentin sammitdə keçirdiyi görüşlər də bu prioritetə köklənib. Azərbaycanın bölgədə tutduğu geostrateji mövqe, regionun geosiyasi baxımından açar ölkəsi olması, infrastruktur ehtiyatlarının yol verməsi Xəzərdən şərq-qərb nəqliyyat əlaqələrinin sıxlaşmasında töhvə verən ölkə olmasına şərait yaradır. Bu baxımdan sammitdə prezidentin iştirakının, keçirdiyi görüşlərin perspektiv layihələrin fundamenti rolunu daşıdığını hesab edə bilərik".
Müəllif: Abutel İlhamqızı